Azər Həşimov: "Asan təslim olmayacağıq"
18.10.2025 - 20:52
Azər Həşimov: "Asan təslim olmayacağıq"

"Karvan-Yevlax" Misli Premyer Liqasının 8-ci turunda səfərdə "Sumqayıt"a 1:4 hesabı ilə uduzub.

Apasport.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Azər Həşimov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Birinci hissə 1:1 hesabı ilə nəticələndi. İkinci yarıda cərimə zərbəsi və penaltilərdən qollar buraxdıq. Rəqibin 3-cü qolu qırılma nöqtəsi oldu. Nəticədə məğlub olduq. "Sumqayıt"ı təbrik edirəm. Növbəti turda "Turan Tovuz"la qarşılaşacağıq. Xal və ya xallar qazanmağa çalışacağıq.

- Qarşıda "Turan Tovuz", "Zirə" və "Araz-Naxçıvan"la oyunlarınız var. Nə gözləyirsiz?

- Bilirsiz ki, yeni komandayıq. Bütün rəqiblərə qarşı mübarizə aparacağıq. Həmişə dediyim kimi asan təslim olmayacağıq. Futboldur, belə şeylər olur. Vuruşursan, döyüşürsən, amma məğlub olursan. Ən yaxşısını etməyə çalışacağıq.

- Komandanız çox rahat qollar buraxır. Bu, nə ilə bağlıdır?

- Qolların 70-80 faizini standart vəziyyətlərdən buraxmışıq. Futbolçuların fərdi keyfiyyətlərindən asılı olan bir şeydir. Təhlillər etsək də, hardasa boşluq buraxırıq.

- Yevlax şəhər stadionu nə vaxt hazır olacaq? Düşünmürsüz ki, evdə oynamamağın nəticələrə təsiri olur?

- Stadionumuz hazır olsaydı, bu gün bizim 5 yox, 10-11 xalımız olardı. Biz məşqçiyik, bizdən asılı olan məsələ deyil.