
Misli Premyer Liqasının VI turunun "Neftçi" - "Karvan-Yevlax" matçından (0:0) sonra qonaqların baş məşqçisi Azər Həşimovun mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, mütəxəssis oyunla bağlı fikirlərini bölüşüb:
"Bu gün anım günüdür. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin. Oyuna gəldikdə, "Neftçi"nin gücü hamıya bəllidir. "Sumqayıt"la oyunlarını təhlil etmişdik. Fərdi keyfiyyəti yüksək oyunçuları var. Onların da qarşısını almağa çalışdıq. Müdafiədən oynayıb, əks-hücumda oynamağı planlaşdırmışdıq. Futbolçularımız əzmkar mübarizə apardılar. Ən azından 1 xal qazanmaq istəyirdik. Bunu da etdik. Futbolçularımı təbrik edirəm. "Neftçi"yə uğurlar arzulayıram".
- Bir həftə əvvəl "İmişli"yə 0:3 hesabı ilə uduzdunuz, bu gün "Neftçi" ilə 0:0 oynadız. Sizin üçün "İmişli" "Neftçi"dən çətin rəqibdir?
- Elə deməzdim. Sadəcə 3 oyundur ki, birinci hissədə və standart vəziyyətlərdən qol buraxırdıq. Bu həftə həmin səhvlər üzərində çalışdıq. "İmişli"yə uduzduqdan sonra futbolçularla söhbətləşdik. Biz ardıcıl 2 oyunda 4 xal qazandıq. "Qarabağ"a 0:2 uduzsaq da, futbolçular yaxşı oynamışdı. Zədəlilərimiz də var. Çalışdıq ki, onların yerini dolduraq. Komandanı silkələdik ki, toparlanmaq lazımdır. Heç kim "Karvan"a üç xal kimi baxmasın.
- Elvin Yunuszadə niyə yox idi? Cəzalandırmışdız?
- Xeyr cəzalandırmamışıq. Sadəcə mikrozədəsi var idi. Ona görə heyətə götürmədik ki, qarşıdakı oyuna hazırlaşsın. Bizdə əvəzolunmaz futbolçu yoxdur.
- Səid İmanxan çox aqressiv görünürdü. Bunu normal qarşılayırsız?
- Müdafiəmeyilli oyunçular aqressiv olmalıdır. Futbol xarakter oyunudur. Normaldır. Gözləmirdim ki, qırmızı alar. İstəyərdim ki, müdafiəçilərimiz aqressiv və emosional, hirsli olsunlar. Səidin bu cür davranmağı normaldır.
- Birinci hissədə "Neftçi"nin təzyiqi yüksək idi. Amma ikinci hissədə bunu görmədik. Fasilədə oyunçularla nə danışdınız?
- İkinci hissədə də gözləyirdik. Sadəcə oyunçularımıza təmkinli olmağı, top saxlamağı və əks-hücum qurmağı tapşırmışdıq. Bu da bizdə normal alındı.
- Kamran İbrahimovun performansını necə dəyərləndirirsiz?
- Kamran son üç oyunda 8 top buraxmışdı. Əsas qapıçımız zədəlidir. Ona dedim ki, dəyərlisən, biz sənə inanırıq, ən yaxşı oyununu oynayacaqsan. Kamran 9 il "Neftçi"də olub. Bu gün onun üçün motivasiya idi. Bütün futbolçular 95 dəqiqə, sona qədər mübarizə apardılar, inandılar ki, bir xal qazana bilərik.