Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının (AIPS) və Avropa İdman Jurnalistləri İttifaqının (AIPS Europe – UEPS) üzvü və ölkəmizdəki rəsmi təmsilçisi olan Azərbaycan İdman Jurnalistləri Assosiasiyası – AİJA fəaliyyətinin 30 illik yubileyini qeyd edib.
Apasport.az xəbər verir ki, Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsində baş tutan tədbirdə ölkənin tanınmış idman jurnalistləri, media rəhbərləri, idman ictimaiyyətinin nümayəndələri, dövlət və müxtəlif idman qurumlarının təmsilçiləri iştirak ediblər.
Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qonaqları salamlayan AİJA prezidenti Eldar İsmayılov Assosiasiyanın 1995-ci ilin 6 noyabr tarixindən bu günədək keçdiyi inkişaf yolundan, idman jurnalistikasının formalaşmasında və beynəlxalq aləmdə Azərbaycan mediasının tanıdılmasındakı rolundan danışıb.
Mərasimdə Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Mətbuat Şurasının, eləcə də Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının (AIPS) təbrikləri səsləndirilib və AİJA İdman Mükafatlarının qaliblərinə plaketləri təqdim olunub.
Tədbir çərçivəsində AİJA-nın 30 illik fəaliyyətini əks etdirən qısa video-çarx nümayiş etdirilib.
Sonda təşkilatın gələcək planları, gənc jurnalistlərin peşəkar inkişafı üçün nəzərdə tutulan yeni layihələr və beynəlxalq əməkdaşlıq imkanları barədə məlumat verilib.