Düşünürəm ki, Azərbaycan futbol ictimaiyyəti, sıravi futbol azarkeşlərimiz, xalqımız “Sabah”ı dünən tanıdı.
İndiyədək komandanın oyunlarını nə stadiondan, nə də televizor qarşısından izləyən xeyli futbolsevər Tofiq Bəhramov adına Respublika stadionuna üz tutmuşdu. Avrokuboklardakı ev görüşlərini Masazırdakı “Bank Respublika Arena”da keçirən “Sabah” bu dəfə daha böyük arenaya çıxdı. Stadion kimi səbəb də böyük idi – UEFA Çempionlar Liqasının pley-offu, futbolun ən mötəbər klub turnirinin liqa mərhələsinə açılan son qapı.
Tribunalardakı ab-havadan, yan-yörəmizdə əyləşən azarkeşlərin aralarındakı söhbətlərdən, reaksiyalarından hiss olunurdu ki, onların böyük qismi “Sabah”ı ilk dəfə izləyirdi.
Dünənə qədər komandanın Azərbaycan çempionluğuna belə şübhəli, istehzalı yanaşanlar, “Avrokuboka gedib nə edəcək?” deyənlər az deyildi. “Heç olmasa, ‘Qarabağ’ gedib nəsə edir” müqayisəsini aparanlardan isə heç danışmıram.
Dünən həmin sualların, bütün mız-mızların cavabı meydanda verildi.
“Sabah” ilk təsnifat mərhələsindən başlayıb yolun sonuna qədər getdi. Kağız üzərində son dərəcə çətin görünən işi gerçəyə çevirdi. Gənc, enerjili, inadkar, istəkli və ən əsası, güclü “Sabah” artıq Çempionlar Liqasındadır.
Asan olmadı. Əksinə, bunun üçün son saniyəyə qədər inanmaq, mübarizə aparmaq və meydanda bütün gücünü qoymaq lazım gəldi. “Sabah” bunu etdi.
Buxarestdə 1:2 hesabı ilə uduzduğu ilk oyundan sonra Bakıda da işlər planlaşdırıldığı kimi başlamadı. Amma komanda təslim olmadı. Əsas vaxtın son anlarında ümidini qorudu, oyunu əlavə vaxta apardı və sonda “Hapoel”i 5:2 hesabı ilə məğlub etdi. İki görüşün nəticəsinə görə 6:4-lük üstünlük “Sabah”ı Çempionlar Liqasının liqa mərhələsinə daşıdı.
Bu nəticənin böyüklüyünü, möhtəşəmliyini, miqyasını qəbul etmək lazımdır.
Yerli çempionatı mütəmadi izləyənlər – bizlər üçün “Sabah”ın əldə etdiyi nəticələr böyük sürpriz deyil. Bu komandanın potensialı, yaxşı idarə olunması və Valdas Dambrauskasın rəhbərliyi altında formalaşdırdığı futbol kimliyi bizə çoxdan görünürdü. Ölkə çempionluğundan sonra Avropada ən azı Konfrans Liqasının liqa mərhələsinə çatmaq real hədəf sayılırdı. Avropa Liqası mümkün görünürdü. Çempionlar Liqası isə çətin, amma mümkünsüz olmayan arzu idi.
İndi artıq arzu deyil.
Reallıqdır.
“Sabah” Çempionlar Liqasındadır.
Futbolçular, məşqçilər, texniki heyət, klub rəhbərliyi və bu nəticənin əldə olunmasında əməyi olan hər kəs Azərbaycan futbolu üçün tarixi gecənin iştirakçısına çevrildi.
“Bayquşlar”ın Avropa üzərində uçuşu indi əsl mənada başlayacaq.
Nəhayət ki, dünən bütün bunları Azərbaycan xalqı da gördü.
Dostlar, tanış olun – bu, “Sabah” futbol klubudur...