Bakıda avtomobil festivalı: Retro şou
06.06.2026 - 14:46
Bakıda avtomobil festivalı: Retro şou

Bakıda avtomobil həvəskarlarının maraqla gözlədiyi “Classics & Supercars” festivalına start verilib.

Apasport.az xəbər verir ki, iki gün davam edəcək tədbir Azərbaycan Avtomobil Federasiyası (AAF) və “Nazar Holdings”in birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkın ərazisində keçirilir.

Festival çərçivəsində Bakı bulvarında klassik avtomobillər, idman maşınları və müasir texnologiyaları ilə seçilən “Supercar”lar nümayiş olunur. Sərgidə Azərbaycan Avtomobil Federasiyasının kolleksiyasına daxil olan nəqliyyat vasitələri ilə yanaşı, tədbirə qeydiyyatdan keçən avtomobil sahiblərinin maşınları da yer alır.

Təqdim olunan klassik avtomobillər 1986-cı ilədək istehsal edilən nəqliyyat vasitələridir. Bu maşınlar avtomobil sənayesinin müxtəlif dövrlərini, dizayn yanaşmalarını və mühəndislik nailiyyətlərini əks etdirir.

Festival ziyarətçilərə həm tarixi və zərifliyi ilə seçilən retro avtomobilləri, həm də yüksək sürət və texnologiya imkanlarına malik müasir idman maşınlarını eyni məkanda görmək imkanı yaradır.

Sərgi iyunun 6-da saat 18:00-dək, iyunun 7-də isə saat 16:00-dək davam edəcək.