"Beş Fernandu Santuş gəlsin, millidə nəticə olmayacaq"
20.12.2024 - 17:00
"Beş Fernandu Santuş gəlsin, millidə nəticə olmayacaq"

Azərbaycan milli komandasının sabiq müdafiəçisi Saşa Yunisoğlu apasport.az saytına müsahibə verib.

- Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Ukrayna ilə eyni qrupda mübarizə aparacaq. Üstəlik, digər rəqib ya Fransa, ya da Xorvatiya olacaq. Püşkatmanı Azərbaycan millisi üçün uğurlu hesab edirsən?
- Millimiz hazırda elə vəziyyətdədir ki, heç bir püşkatma bizim üçün uğurlu olmayacaqdı. Təbii ki, biz millimizin ən yaxşı və uğurlu olmasını istəyirik. Amma reallıq onu göstərir ki, bu gün millimiz üçün hər bir rəqib başağrısı ola bilər. Bu püşk bizim üçün Ukrayna, İslandiya, Fransa və ya Xorvatiya kimi rəqibləri verib. Çox güclü və çətin rəqiblərdir.

- Yeri gəlmişkən, Ukrayna və İslandiya millisi haqda nə düşünürsən? Səncə, Ukrayna və ya İslandiya millisi məğlub edə biləcəyimiz komandadır, yoxsa biz onlar üçün zəif rəqibik? 
- Son oyunlar göstərdi ki, elə biz bu rəqiblər üçün zəifik və ən arzu olunan rəqiblərdən biriyik. Bu vəziyyəti isə özümüz yaratmışıq. Özümüz də bu vəziyyətdən çıxmalıyıq. Fransa və Xorvatiyadan ümumiyyətlə danışmaq istəmirəm. Onların gücü hamıya bəllidir. Ukrayna istənilən güclü rəqiblə bərabər səviyyədə mübarizə aparmağa çalışır. Millətlər Liqasının son tsiklində də öz qrupunda 8 xalla ikinci yeri tutmuşdu. Dildə deyə bilərik ki, İslandiya millimizə uyğun rəqibdir. Ancaq İslandiya da öz rəqiblərini məğlub edə biləcək, son Millətlər Liqasında 7 xalla üçüncü yeri tutan komandadır. 

- Milli bu qrupda nə qədər xal toplayacaq keyfiyyətə, səviyyəyə sahibdir? 
- Hərdən bizim istəyimiz imkanlarımızla eyni olmur. Bu da həmin vəziyyətlərdən biridir. Biz istəyirik ki, millimiz ən azı 7-8 xal toplasın və qrupdan çıxmaq üçün mübarizə aparsın. Amma hazırda biz bunu ancaq arzulaya bilərik. Məncə bu qrupda 4 xal toplasaq sevinməliyik. 

- Azərbaycan yığması Millətlər Liqasının C divizionundan D divizionuna düşdü. Bu cür uğursuz nəticədən sonra millimizin üzvləri seçmə mərhələ matçlarına hansı motivasiya ilə çıxacaqlar? 
- Əgər futbolçunun futbol oynamaq üçün motivasiyası yoxdursa, həmin futbolçu futbolu buraxmalıdır. Millidə oynamaq, millinin formasını geyinmək, bayrağımızı dalğalandırmaq, beynəlxalq turnirlərdə iştirak etmək üçün hansı motivasiya lazımdır? Bütün bunların hamısı movasiyadır da. Futbolçu üçün bundan yaxşı motivasiya ola bilməz. Üstəgəl, hər qələbəyə görə bonus da verilir. Düşünürəm ki, futbolçular üçün yetərli qədər motivasiya var. Təəssüflər olsun ki, tək motivasiyə ilə oyunları udmaq olmur. Bacarıq, keyfiyyət də olmalıdır. Komandamızda motivasiya var. Amma bacarıq və keyfiyyətdə problem var. Məhz bu aspektlərdə problemlər var. 

- Fernandu Santuş isə milli komandanın baş məşqçi postunda qalacaq. Onunla bağlı nə düşünürsən? Səncə, millidə qalması yaxşı qərar idi? 
- Düşünürəm ki, başqa əcnəbi gətirməkdənsə, elə Santuşun qalması yaxşıdır. Onunla bağlı isə nəsə deməyə ehtiyac yoxdur. Adam Avropa çempionudur, bacarıqlı , təcrübəli və səviyyəli məşqçidir. Amma əgər material yoxdursa, istər 5 Fernandu Santuş gəlsin, lap birlikdə işləsin, nəticə olmayacaq. Oyunçuların kökündən səviyyəsini və keyfiyyətini qaldırmaq lazımdır. O da bu nəsil futbolçularla alınan iş deyil. Futbolçuları uşaqlıqdan düzün yetişdirmək lazımdır. 

- Qrupdakı üçüncü rəqib ya Xorvatiya, ya da Fransa olacaq. Yəqin ki, rəqibin Fransa olmasını istəməzdin? Fransa millisi vaxtilə Azərbaycana 10:0 qalib gəlib. Onlar ötən il Cəbəllütariqi 14:0 məğlub edib... 
- Dediyim kimi, bu iki komanda haqqında çox danışmağa ehtiyac yoxdur. Hamı bu komandaların gücünü yaxşı bilir. Düşünürəm ki, Xorvatiya daha münasibdir. Ona görə ki, hazırda xorvatlarda nəsil dəyişikliyi gedir və hələ ki, onlar stabil oyun nümayiş etdirə bilmirlər. Buna görə millimizdə hansısa şanslar görünə bilər. Fransa isə hazır maşındır. Nəsillər dəyişdi və hazırda Fransa əvvəlkindən də güclüdür. Məncə, fransızlarla matçlarda şansdan danışmaq yersizdir.
 

0