“Bizim üçün ən vacib prioritet milli komandadır".
Apasport.az xəbər verir ki, bu sözləri qurumun illik Hesabat Konfransında çıxış edən federasiyanın baş katibi Cahangir Fərəcullayev deyib.
O, Ayxan Abbasovun milli komandada gördüyü işləri yüksək qiymətləndirib:
"İstədiyimiz nəticələri əldə etmirdik. Lakin Ayxan Abbasovun baş məşqçi vəzifəsinə gətirilməsi vəziyyəti xeyli yaxşılaşdırdı. Fransa və Ukraynaya qarşı çıxışlar azarkeşlərdə milli ruhu geri qaytardı. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən FIFA Series turnirinin qalibi olmağımızı nə böyütmək, nə də kiçiltmək fikrindəyik. Bu, uğurlu strategiyamızın göstəricisidir".
Qurum rəsmisi legioner limitinin ləğvinin rəqabətin azalmasına səbəb olmadığını vurğulayıb:
“Premyer Liqada komanda sayının 12-yə çatdırılması rəqabətin artmasına gətirib çıxardı. Legioner limitinin ləğvi azarkeşlər tərəfindən daha böyük maraqla qarşılandı. “Qarabağ” – “Sabah” matçında son 10 ilin rekordu qeydə alındı. Hakimliklə bağlı da dəyişikliklər edildi. Çempionatın zəif tərəfi infrastrukturla bağlıdır. “Karvan-Yevlax” öz meydanına qayıtdı. Gəncə və Tovuzda da gələn mövsümdən oyunlar keçiriləcək. Ağsu şəhər stadionu Premyer Liqa standartlarına uyğunlaşdırılacaq. “Liv Bona Dea Arena” təmir olunacaq, “Bayıl Arena” isə may ayında əsaslı təmirə bağlanacaq. Eyni layihə çərçivəsində iki mərkəzin də açılması nəzərdə tutulur. Uşaq və yeniyetmə layihələri AFFA-nın fokus istiqamətlərindəndir. Məqsəd “piramida” modelini qurmaqdır. C və D kateqoriyalı məşqçilərin yetişdirilməsi, daha sonra onların B, A və Pro kateqoriyalarına yüksəlməsi planlaşdırılır".