Canni de Byazi: “Heç vaxt heç kəsi təhqir etməmişəm” - VİDEO
21.11.2023 - 20:11
Canni de Byazi: “Heç vaxt heç kəsi təhqir etməmişəm” - VİDEO

“Düşünürəm ki, bizim gördüyümüz işi dəyərləndirmək istəmirlər. Mən və futbolçularım özümüzü hörmətsiz kimi hiss edirik”.

Apasport.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi deyib.

“Qafqazinfo”ya müsahibə verən italiyalı mütəxəssis yığmadakı 4 illik fəaliyyətini dəyərləndirib və Belçika ilə görüşdən (0:5) sonra yaşanan insidentə aydınlıq gətirib. De Byazi jurnalistləri təhqir etməsi və bu üzdən tənqid atəşinə tutulmasına münasibət bildirib: “Estoniyaya səfərdə 2:0 hesabı ilə qalib gəldiyimiz oyundan sonra jurnalistlərdən biri mənə deyir ki, bu nə statistikadır. Baxmayaraq ki, biz qalib gəlmişdik. 2022-ci ildən dünənə qədər bizim ortalama xal hesabımız 1,5-dir. Jurnalistlər bizi oxumur. Bəzilərinin niyyəti pozitiv anımızda bizə neqativ ötürməkdir. Belçikadakı sözlər heç bir jurnalistə qarşı hücum deyil”.

İtaliyalı mütəxəssis “axmaq” ifadəsini bütün jurnalistlərə aid etmədiyini vurğulayıb: “Mən ümumi desəm də, bu sadəcə bir neçə nəfərə aid idi. Həmin vaxt mənim qarşımda oturanlar haqqında danışmışam. Bəlkə də tərcümədə hansısa səhv olub, amma mən heç bir jurnalistə birbaşa “axmaq”, “gic” deməmişəm. Əgər kim reallığı, inkişafı görmək istəmirsə, ona axmaq demişəm. Pozitiv anlarda neqativ axtaranlara aid ola bilər. Belçikalı tərcüməçi xanım mənim dediklərimi jurnalistlərə düzgün çatdırmayıb. İsveçlə matçdan qabaq da komandanın inkişafını görməyənlərə eyni sözü demişdim. Heç vaxt heç kəsi təhqir etməmişəm. Mən əsəbiləşə bilərəm, amma belə bir şey ola bilməz”.

0