"Cəbrayıl"ın baş məşqçisi: "Əsas olan komandanın sxemasını formalaşdırmaqdır"
18.09.2024 - 20:17
"Cəbrayıl"ın baş məşqçisi: "Əsas olan komandanın sxemasını formalaşdırmaqdır"

I Liqanın 2-ci turunun "Cəbrayıl" - "Zaqatala" matçından (0:0) sonra meydan sahiblərinin baş məşqçisi Elhad Nəziri apasport.az saytına açıqlama verib.

“Çətin olacağını öncədən bilirdik. “Qəbələ” ilə oyunlarına baxmışdıq. Çox yaxşı, kompakt şəkildə müdafiə olunmağı bacarırlar. Buna baxmayaraq futbolçularım həm hücum, həm də müdafiə planında verdiyim tapşırıqları yerinə yetirdilər. Bir neçə real qol imkanımız oldu ki, bunlardan yararlana bilmədik. Amma bu, futboldur. Hazırda mənim üçün əsas olan komandanın sxemasını formalaşdırmaqdır. Şadam ki, bir xal qazandıq. Göstərdikləri xarakterə görə, futbolçularıma təşəkkür edirəm. 

- Ciddi xəsarət alan Ravil Qafarovun durumu nə yerdədir?
- Hələ ki, hansısa yenilik yoxdur. Samir təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Məlumatım yoxdur, birazdan əlaqə saxlayacam. Ümid edirəm ki, ciddi bir problem olmaz. Zatən kifayət qədər zədəlilərimiz var. Əsas heyətin 3-4 futbolçusunu itirmişik. Tezliklə sağalıb, komandanın sıralarına dönmələrini arzulayırıq.

- I Liqada artıq ilk oyunlar keçirilib. Hazırda kimi favorit görürsüz?
- Ad çəksəm, bir qədər qeyri-peşəkarlıq olar. Bütün oyunlara eyni düşüncə ilə çıxırıq. I Liqada iddialı, güclü komandalar var. Onların bir çoxu çempionluq üçün mübarizə aparır. 10 komandanın hər biri təhlükəli rəqiblərdir.

- Qarşınıza çempionluq məqsədi qoyulub?
- Rəhbərlik tərəfindən qarşımıza hansısa məqsəd qoyulmayıb. Gənc futbolçulardan heyət formalaşdırmışıq. Hədəfimiz azərbaycanlı futbolçularla yaxşı komanda formalaşdırmaqdır. Rəhbərliyin hədəfi I Liqada möhkəmlənməkdir. Lakin bununla kifayətlənmirik. Əlimizdən gəldiyi qədər çalışıb, layiqli mübarizə aparacağıq.

İsmayıl Xeyrullayev
 

0