Ceyhun Sultanov: "Santuşun bir ildə edə bilmədiyini Ayxan bir oyunda etdi"
25.09.2025 - 20:33
Ceyhun Sultanov: "Santuşun bir ildə edə bilmədiyini Ayxan bir oyunda etdi"

Azərbaycan milli komandasının sabiq üzvü Ceyhun Sultanov Apasport.az saytına müsahibə verib.

- Azərbaycan millisinin baş məşqçi postu hazırda boşdur. AFFA hazırda baş məşqçi postuna adam axtarır. Səncə, qurum daha çox hansı detallara fikir verməlidir və kimi gətirməlidir milliyə?
- Milli komandanın baş məşqçisi ilə bağlı detallarını deyə bilmərəm. İndiki durumda hər nə olursa-olsun, baş məşqçi yerli olmalıdır. Çünki əcnəbi məşqçi gəlib burada heç nə edə bilməyəcək. İndiki durumda belədir. Əcnəbi məşqçi savadlı, keyfiyyətli, potensialı olan komandalara gedir. Ona görə də, bu gün yaxşı məşqçi istəyiriksə, birinci yaxşı futbolçularımız olmalıdır. Ondan sonra yaxşı məşqçi fikirləşməliyik. Bu gün yerli mütəxəssislər olmalıdır millidə.

- Son matçda millini Ukrayna görüşünə Ayxan Abbasov çıxardı. Səncə, Abbasovu baş məşqçi postunda saxlamaq daha uyğun addım olardı?
- Niyə də Ayxan Abbasov olmasın? Fernandu Santuşun bir ildə edə bilmədiyini Ayxan bir oyunda etdi. Futbolda qarşıdakı oyunlarda ola bilər uduzar. Amma bu günləri Ayxan Abbasov mənə görə Fernandu Santuşa verilən məvacibdən daha artığını etməyə çalışdı. Ona o qədər pul verildi və edə bilmədisə, Ayxan Abbasov bəlkə də 100 qat ondan aşağı maaş alır, bir oyunda heç olmasa heç-heçə oynadı. Ayxan Abbasov niyə də orada qalmasın?

- Maraqlı məqamlardan biri odur ki, millimizi qarşıda Fransa ilə görüş gözləyir. Düşünmək olar ki, heç bir məşqçi bu oyun üçün karyerasını təhlükəyə atmaq istəmir? Çünki ağır oyun olacağı dəqiqdir..
- İnanmıram ki, hansısa məşqçi dursun desin ki, Fransaya qarşı oynayacam və öz karyeramı təhlükəyə atıram. Onda o məşqçi deyil. Hər bir nəticəyə hazır olmaq lazımdır. Məsələn, bura top məşqçini də gətirsən Fransaya qarşı olmayacaq 7:0, olacaq 3:0. Baxışlar fərqlidir. 

- Daha çox Qurban Qurbanov, Rəşad Sadıqov və Ayxan Abbasovun adı hallanırdı milli ilə. Səncə, digər məşqçilər də yoxdur ki, millini çalışdıra biləcək? Yoxsa, millidəki durumu yalnız onlar düzəldə bilər?
- Bu adların hamısına hörmətlə yanaşıram. Üçü də ölkəmizin ən yaxşı məşqçiləridir. Qurban Qurbanovun adını çəkirsiz, göstərdiyi nəticələr bəllidir, oyun üslubu var. Rəşad Sadıqov da eynilə oyun üslubu olan biridir. Gənc məşqçilərdir. Yerli və gəncdilər, onlara inanmaq lazımdır. Üçü də ola bilər. Digərlərin adını çəkməsəm, olmaz. Nə olursa-olsun, yerli baş məşqçi olmalıdır.

- Berti Foqts, Fernandu Santuş, Canni De Byazi..Səncə, milli komandamız bu məşqçilərlə çox vaxt itirib, yoxsa onların millimizdəki fəaliyyətini necə dəyərləndirirsən?
- Görün nə qədər vaxt itirmişik. Həmin vaxtı yerli məşqçiyə versəydilər, inanın ki, nəticələr daha yaxşı olacaqdı. Sadəcə yerli məşqçiyə inanmaq lazımdır. Qrupdan çıxmaq istəyiriksə..Buna bizim potensialımız var? Əgər yoxdursa, xarici məşqçinin millimizdə nə işi var? Hamısını yerli məşqçilərimiz bacarır da. Mən belə düşünürəm ki, millidə yerli məşqçi olmalıdır.

- AFFA-nın yenidən xarici mütəxəssisə millini tapşırması böyük tənqidlərə yol açacaq. Səncə, onlar bu addımı atarlar? Yoxsa, böyük səhv olardı?
- AFFA-nın hansı addım atdığını deyə bilmərəm. Tənqid olacaq, ya olmayacaq, bu, məsələnin ikinci tərəfidir. Mənim üçün lazım olan tərəf millimizin yaxşı olmağıdır. Qərar AFFA tərəfindən veriləcək. Düzgün qərar verilməyəcək, tənqid olunacaq, düzgün qərar verəcəklər, tərif olacaq. Mən bu haqda bir söz deyə bilmərəm. Qərar onlarındır.