
"Qarabağ"ın sabiq futbolçusu, 2017/2018 mövsümündə Çempionlar Liqasının pley-off mərhələsinin "Kopenhagen"ə qarşı görüşlərin iştirakçısı Əfran İsmayılov Apasport.az saytına müsahibə verib.
- “Qarabağ” bu gün “Kopenhagen”lə qarşılaşacaq. Oyunöncəsi şansları necə dəyərləndirirsən? Kağız üzərində hansı komanda favorit görünür?
- Çətin oyun olacaq. “Kopenhagen” inkişafda olan komandalardan biridir. Sürətli, dinamik futbol oynayırlar, əks-hücuma yaxşı çıxırlar. “Bayer”lə oyunlarını da izləmişdim, çox yaxşı təsir bağışlamışdılar. Amma biz öz meydançamızda, gözəl stadionumuzda və azarkeşlərimizin qarşısında oynayırıq. İnanıram ki, “Qarabağ” yaxşı hazırlaşıb. Ən yaxşı oyunlarından birini göstərib qələbə qazanacaqlar.
- “Qarabağ”ın “Benfika” üzərindəki qələbəsindən sonra komandaya diqqət daha da artdı. Bu, Ağdam təmsilçisi üçün əlavə çətinlik yarada bilər? “Qarabağ” bu səviyyədə sabit çıxış edə biləcək?
- Əlbəttə, “Benfika” üzərindəki qələbədən sonra “Qarabağ”a maraq artdı. Bir tərəfdən tarix yazırıq, digər tərəfdən bütün rəqiblər artıq “Qarabağ”a xüsusi yanaşacaq. Hamı biləcək ki, bu komandaya qarşı qeyri-ciddi çıxmaq olmaz. Bu, çətinlik yaratsa da, əgər “Qarabağ” bu tempi saxlasa, çox yaxşı olar. Qurban Qurbanov kimi baş məşqçi var və hər şey onun nəzarətindədir. İnanıram ki, bu temp qorunacaq.
- Marko Yankoviçin zədəsi “Qarabağ”a nə dərəcədə təsir edəcək? Onun mövqeyində Kadi uğurlu ola bilər?
- Əlbəttə, Yankoviçin yoxluğu ciddi itki olacaq. “Qarabağ”da 1-2 əsas oyunçu var, onlardan biri də məhz odur. Həm müdafiədə, həm də hücumda çox faydalı futbolçudur. Amma əvəzedilməz oyunçu yoxdur. Komanda dəfələrlə göstərib ki, onun əvəzləyicisi var. İnanıram ki, Qurban müəllim bunu nəzərə alıb və meydana çıxacaq futbolçu nə etməli olduğunu yaxşı bilir. Əlindən gələni edəcək.
- Əgər “Qarabağ” “Kopenhagen”i də məğlub etsə, artıq pley-offa çıxmaq real görünəcək?
- Bu barədə danışmaq hələ tezdir. Qarşıda “Çelsi”, “Liverpul” və “Napoli” kimi güclü rəqiblərlə oyunlar var. Amma şans hər zaman olacaq. İnanıram ki, “Qarabağ” tarix üzərinə tarix yazacaq.
- 2017-ci ildə “Qarabağ” – “Kopenhagen” oyunlarında sən də iştirak etmisən. Həmin görüşləri necə xatırlayırsan? İndiki “Qarabağ” əvvəlkindən güclüdür?
- Bəli, yaxşı xatırlayıram. Bakıda 1:0 qalib gəldik, səfərdə isə 1:2 uduzduq. Qol fərqinə görə qrupa düşdük. O vaxt da “Kopenhagen” güclü idi. Amma o zaman “Qarabağ”a indiki kimi yanaşmırdılar, bir qədər yuxarıdan baxırdılar. Şükürlər olsun ki, qrupa vəsiqə qazandıq. İndi isə daha fərqli durumdadır. Çünki həm qrup mərhələsində qalibiyyət var, həm də davamını gətirmək imkanı. Arzum odur ki, “Qarabağ” üçün ən xeyirlisi olsun. Bu komanda Azərbaycan futbolunun yükünü belində daşıyır. Hamının gözü “Qarabağ”dadır. Dünyanın hər yerində azərbaycanlılar, türklər “Qarabağ”a azarkeşlik edir. Ona görə hamı bu komanda üçün dua edir.