Elmar Baxşıyev: "Komandam əzmkarlıq və xarakter göstərdi"
25.10.2025 - 18:25
Elmar Baxşıyev: "Komandam əzmkarlıq və xarakter göstərdi"

Azərbaycan Premyer Liqasının IX turunun “Araz-Naxçıvan” – “Sabah” oyunundan (2:2) sonra meydan sahibi komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırdı.

Apasport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb, daha sonra isə jurnalistlərin suallarını cavablayıb:

– Yaxşı, dinamik, maraqlı oyun oldu. Komandanın oyunundan razıyam. Futbolçular əzmkarlıqla istəklərimizi yerinə yetirməyə çalışırlar. Bir xal qazandıq. Rəqibi də vurğulamaq lazımdır. Bu gün bir xala sevinmək lazımdır.

– Son saniyədəki qoldan sonra məşqçilər korpusu çox sevindi. Bir xal belə böyük əhəmiyyətlidir?
– Son anlardakı qollarda belə hallar normal olur. Emosiyalardır. Futbolun içində belə hallar var. Komandam əzmkarlıq və xarakter göstərdi. Oyun planında daha yaxşı ola bilərik.

– “Sabah”a qarşı ev oyununun burda keçirilməsi nə qədər xoş idi?
– Düzdür, məşqçi kimi hər kəz öz evində oynamağı istəyər. Bu meydança da bizim üçün səfər deyil. Bakıda məskunlaşmışıq. Bakıda keçirilən oyunlarda ev/səfər məsələsi demək olar, olmur. Meydança hamı üçün eynidir. Əfsuslar olsun, o aura yoxdur ki, səfərdə olduğunu hiss edəsən.

– Oyun ərzində sizi ən çox yoran hakimlərin səhvləridir, ya futbolçuların?
– Mən də istərdim ki, bu cür tempdə, oyunda bir qərara 3-4 dəqiqə baxmayaq. Çünki futbolçular da tempə çatmaq üçün iş qoyurlar. Lakin 4-5 dəqiqə VAR-a baxılandan sonra stress də, nəbz də düşür. Təzdən tempi artırmaq üçün vaxt lazım olur. Hakimin üzərinə getmək istəmirəm. Onların ədalətinə inanmağa çalışırıq. Görünən odur ki, hakimlər bizə fərqli yanaşır. Bizə təzyiq edən rəqib deyil, başqa amillərdir. Daha güclü, iddialı olmalıyıq ki, qarşımızda maneə olmasın.

– “Sabah”ın baş məqşçisi Dambrauskas da qol vurduğunuz cərimə zərbəsi zamanı qayda pozuntusunun onlara qarşı edildiyini bildirdi…
– Görünən odur ki, 2-3 komandanın danışığına, iddiasına uyğun açıqlamalar göstərilir. Biz də danışa bilərik. Ötən oyunda “Neftçi”nin qolundakı ofsaydı hamı gördü, amma heç kim danışmadı. Biz də komandanı kənara qoyub, hakimlərə yüklənsək, düzgün olmaz. Məsələn, bu gün “Sabah”ın qazandığı penalti absurd idi, müdafiəçiləri Solvet də ikinci sarı vərəqədən qovulmalı idi. Hakimlikdən az danışsaq, komandalar üçün daha yaxşı olar.