Elvin Yunuszadə: "Böyük kluba qarşı oynayacağıq" - MÜSAHİBƏ
24.09.2025 - 14:05
Elvin Yunuszadə: "Böyük kluba qarşı oynayacağıq" - MÜSAHİBƏ

“Karvan-Yevlax”ın kapitanı Elvin Yunuszadə Apasport.az saytına müsahibə verib.

- "Karvan” son turda “İmişli”yə uduzdu. Bunun səbəbini nədə görürsən? Səncə, nəyə görə məğlub oldunuz?
- Həqiqətən də, həmin gün oyunumuz heç alınmadı. "İmişli" ilə görüşə qələbə üçün çıxmışdıq. Çünki qalib gəlmək potensialımız var idi. Ancaq təəssüflər olsun ki, oyunumuz heç cür alınmadı. Bu oyunu unudub, səhvlərin üzərində işləyərək, "Neftçi" matçına hazırlaşırıq. Marafon uzundur. Hələ oyunlar çoxdur, cəmi 5 tur geridə qalıb. "İmişli" matçını unutmaq lazımdır.

- "Karvan" bundan əvvəl "Şamaxı"ya, ondan əvvəl də "Qarabağ"a uduzmuşdu. Üç oyuna 8 qol buraxdınız. Problemi nədə görürsən?
- Çempionata pis başlamasaq da, son üç oyunda uduzmuşuq. Heç qol vurmadan 8 top buraxmağımız da bizi məyus edir. Bu da onu göstərir ki, çatışmayan şeylər var. Onların üzərində işləyib, düzəltmək lazımdır. Əsasən də, standart vəziyyətlər baxımından. Qolların 80 faizini standart vəziyyətlərdən buraxmışıq. Bunu da düzəltməliyik.

- "Karvan" hazırda 11-ci pillədədir. Yəqin ki, bu vəziyyət sizi razı salmır?
- Əlbəttə ki, bu durum bizi razı salmır. Biz istəyirik ki, maksimum dərəcədə yüksək pillələrdə qərarlaşaq. Düşünürəm ki, gələcək oyunlarda xallar toplayaraq, yenə də yüksək pillələrə qalxarıq.

- "Karvan" növbəti turda "Neftçi" ilə qarşılaşacaq. Bu görüş haqda fikrin necədir? "Neftçi"dən səfərdə xal ala bilərsiz?
- "Neftçi"nin gücü hamıya bəllidir. Özüm də, uzun illər orada oynamışam. Bu klubu yaxşı tanıyıram. Bilirəm ki, istər azarkeşləri, istər klubu, istərsə də keyfiyyətli oyunçuları cəhətdən böyük kluba qarşı oynayacağıq. Biz də hazırlaşırıq. Çalışacağıq ki, əlimizdən gələni edək ki, Bakıdan xal və xallarla geri qayıdaq.

- "Karvan"ın ev oyunlarını doğma stadionunda, Yevlaxda keçirməməsi sizi nə dərəcədə məyus edir və dezavantaj olur?
- Meydança amili bizə ən çox təsir edən məsələlərdən biridir. Çünki təbii meydançada məşq edib, sonra süni meydançada oynamaq çətinlik yaradır. Hər bir futbolçudan soruşsaz, bunu deyər. Məşqlərimiz təbii meydançada keçirilir, amma oyun günü süni örtüklü meydançaya çıxıb oynamaq çətindir. Deyiblər, söz veriblər ki, yaxın günlərdə həll olunmalıdır, komanda öz meydançasına qayıdacaq. Biz də səbirsizliklə bunu gözləyirik. Həm də azarkeş amili var. Yevlaxda futbolsevərlər çoxdur, oyuna da gəlmək istəyirlər. Allah qoysa, tezliklə stadion məsələsi həll olunar.