Emil Mustafayev: "Rəhbərlik mənə bildirdi ki, özümə yeni klub tapmalıyam"
14.08.2025 - 12:43
Emil Mustafayev: "Rəhbərlik mənə bildirdi ki, özümə yeni klub tapmalıyam"

Azərbaycan milli komandasının futbolçusu Emil Mustafayevin yeni mövsümə hansı komandada başlayacağı hələ ki bəlli deyil. Lakin onun yeni mövsümdə "Polessye"də qalmayacağı dəqiqləşib.

Belə ki, məxsus olduğu klubun düşərgəsində yer almayan Mustafayev özünə yeni komanda axtarır.

Apasport.az saytına açıqlama verən 23 yaşlı futbolçu yeni mövsümlə bağlı fikirlərini bölüşüb:

"Mövsümün toplanışına ‘Polessye’də başlamışdım. Lakin sonradan rəhbərlik mənə bildirdi ki, özümə yeni klub tapmalıyam. Hazırda bir neçə komandadan təklif almışam və danışıqlar davam edir. Bütün təklifləri nəzərdən keçirirəm, amma hələlik konkret qərar yoxdur. Gözləmə mövqeyindəyəm, necə olacağını görəcəyik".

Xatırladaq ki, milli komandamızın yarımmüdafiəçinin "Polessye" ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, 2024/2025 mövsümündə qış fasiləsindən sonra "Çernomorets"də icarə əsasında çıxış etmişdi.