
"Turan Tovuz”un müdafiəçisi Faiq Hacıyev Apasport.az saytına müsahibə verib.
- "Turan Tovuz"un yeni mövsüm hazırlıqları necə gedir? Hər şey qaydasındadır?
- Hazırlıqlar plana uyğun davam edir. Hər şey qaydasındadır. Belə davam edib, yaxşı formada çempionata hazır olmağa çalışacağıq.
- "Turan Tovuz" ötən mövsüm avrokubok mübarizəsi aparsa da, sonda bu imkandan yararlana bilmədi. Artıq həmin uğursuzluğu unutmusuz, yoxsa necə?
- Əlbəttə ki, sona qədər mübarizə apardıq. Daha da yaxşısını edə bilərdik. İndi keçən il etdiklərimizdən dərs çıxarıb, yolumuza davam etməliyik.
- Yeni mövsüm daha güclü, daha motivasiyalı "Turan Tovuz" görəcəyik? Komanda artıq 1 transfer də edib. David Tavareşlə bağlı fikrin necədir?
- Keçən ilkindən daha motivasiyalı olmalıyıq ki, nəticə də özünü göstərsin. David Tavareş yaxşı, texnikalı oyunçudur. Bizə çox köməyi dəyəcək. Hamımız birlikdə istədiyimiz nəticəyə çatmağa çalışacağıq.
- Yəqin ki, digər klublarda baş verənləri də izləyirsən. Transferlər edirlər. Yeni mövsümün bu mövsümkündən daha çətin və ağır olacağını ehtimal edirsən?
- Bu mövsümün daha maraqlı keçəcəyini mən də gözləyirəm. Bu, həm bizim, həm də çempionatımız üçün yaxşı amildir. Onsuz da asan oyun, asan matç olmurdu, belə də davam edəcək.
- "Turan Tovuz"un çempionluq uğrunda mübarizəsi necə, mümkündür səncə? Hər halda, Kurban Berdiyev də yəqin ki, bunu istəyir komandadan?
- Hər halda, yenə əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Necə olacaq, zaman göstərəcək. Biz özümüz üzərimizə düşəni etmək istəyirik.
- Türkiyədəki toplanışda "Traktor"la qarşılaşacaqsınız. Yəqin ki, özünüz üçün də çox maraqlı matç olacaq?
- Bəli, mən də “Traktor”la qarşılaşacağımızı görəndə çox sevindim. Bizi maraqlı oyun gözləyir. “Traktor” bu il çox yaxşı işlərə imza atdılar, çempion oldular. Yoxlama matçı olsa da, çox maraqlı görüş alınacaq. Şadam ki, onlarla görüşəcəyik.
- Klub səninlə yeni müqavilə imzaladı. Legioner limitinin çempionatımıza təsiri necə olacaq? Bir də klubun səninlə yeni müqaviləsi haqda..
- Müqavilə ilə bağlı yaxın zamanda yəqin ki, rəsmi məlumat klub tərəfindən veriləcək. Mən də gözləyirəm, görək limitin dəyişməsinin nəticəsi necə olacaq. İstədikləri effekti verəcəkmi, ya yox. Hər halda, mən “Turan Tovuz”da meydana çıxacağım bütün görüşlərdə ən yaxşısını edəcəm.