
“Araz-Naxçıvan”ın futbolçusu Felipe Santos apasport.az saytına müsahibə verib.
- "Araz-Naxçıvan" son matçda "İmişli"yə qalib gəlməyi bacardı. Həmin görüş dramatik alındı. Oyunu necə dəyərləndirərdin?
- Çətin matç oldu. Məncə, daha çox qol vuraraq qalib gəlmək şansımız var idi. Hər halda, əsas qələbədir ki, biz də bunu əldə etdik.
- "Araz-Naxçıvan" hazırda 2-ci pillədədir. Bu cür nəticəni yəqin ki, gözləyirdiniz?
- Bəli, mümkün olan ən yaxşı mövqe üçün sona qədər mübarizə aparmaq istəyirik. Keçən mövsüm əldə etdiyimiz nəticəni yaxşılaşdırmaq istəyirik. Bu, çox çətin olacaq, amma öhdəlik və güc çatışmazlığı olmayacaq.
- "Qarabağ"a 0:5 hesabı ilə uduzduqdan sonra komanda psixoloji olaraq çöküş yaşamadı. Bu mərhələni necə adlaya bildiz?
- "Qarabağ" əla komandadır, amma bu oyunda hakimlik dəhşətli idi. Qapımıza penalti verdilər və matç başlayandan bir neçə dəqiqə sonra oyunçumuzu qovdular. Çempionlar Liqasında belə etmirlər. Ona görə də nəticə dəhşətli idi, amma daha 3 xal itirdik. Yaxşı mərhələni davam etdirmək üçün növbəti oyunlarda əlimizdən gələni edəcəyik.
- Hazırda milli fasilə yaranıb. Yəqin ki, bu, sizin üçün də yaxşıdır?
- İstirahət etdik və indi növbəti oyunu düşünərək çox məşq edirik. Biz həmişə oynamaq istəyirik və bu fasilə bəzi məqamlarda pis olur.
- Komanda Naxçıvana səfər etmişdi. Orada sizi necə qarşıladılar? İlk dəfədir Naxçıvana gedirdin. Ev oyunlarınızı Naxçıvanda keçirməyinizi istəyərdin?
- Naxçıvan şəhəri ilə tanış olmaq çox gözəl idi. Azarkeşlər və uşaqlarla birlikdə olmaq futbol və şəhər üçün əladır. Stadionun gözəl strukturu var, lakin təbii ki, daha da yaxşılaşdırmaq olar. Amma inanıram ki, onlar komandanın oyunlarını şəhərdə keçirməyə yaxındırlar və bu, azarkeşlərin dəstəyi ilə komandanın daha da güclənməsinə kömək edəcək. Azarkeşlərlə görüşmək əla idi.
- Hər halda, Bakıda daha çox boş stadionda oynayırsız. Amma Naxçıvanda dolu tribuna qarşısında oynaya bilərsiz. Hansı daha yaxşıdır?
- Həmişə deyirəm ki, hətta evdə oynayanda, sanki həmişə səfərdə oynayırıq. Azarkeşssiz o deyil də. Düzdür, biz azarkeş olmadan da güclüyük, amma təsəvvür edin azarkeşlərlə necə daha da güclü olarıq. Ümidvaram ki, Naxçıvanda bir dəfə oynayıb, azarkeşlərin sevincini görürərik.
- Səncə, bu mövsüm "Araz-Naxçıvan" avrokuboklara yenidən vəsiqə qazana biləcək?
- Bu bizim birinci məqsədimizdir. Biz bundan daha çox istəyirik. Keçən mövsümdən daha yaxşı yer tutmaq istəyirik, bunun üçün yaxşı komandamız var.
- Növbəti turda "Neftçi" ilə qarşılaşacaqsınız. "Neftçi" bu mövsüm daha iddialıdır. Səncə, onları məğlub edə biləcəksiz?
- “Neftçi” əla komandadır, yaxşı oynayırlar, amma əlimizdən gələni edəcəyik.