Bu gün futbol tarixinin ən yaxşı futbolçularından biri hesab edilən, qol sevinci ilə ikonikləşən, yalnız yaxşı futbolçu olmaqla kifayətlənməyib, xeyirxahlığı ilə də könülləri fəth edən, şübhəsiz, futbol tarixinin canlı əfsanələrindən biri olan Kristiano Ronaldonun doğum günüdür.
Apasport.az xəbər verir ki, Portuqaliya millisinin və "Əl-Nəsr"in ulduz futbolçusu bu gün 40 yaşını qeyd edir.
Karyerası ərzində çıxış etdiyi komandalarda 788, yığmada isə 135 qola imza atan Ronaldo daha əvvəl "Real Madrid", "Mançester Yunayted", "Sportinq" və "Yuventus"da da forma geyinib.
Futboldakı uğurları ilə yaddaşlarda qalan Ronaldo 2007-2008 mövsümündə Avropada “qızıl buts” mükafatının sahibi olmağı bacarıb.
Kriştiano 12 yanvar 2009-cu ildə “Dünyada İlin Futbolçusu” mükafatını qazanan ilk Premyer Liqa futbolçusu olur.
Ronaldo karyerası boyunca 2008, 2013, 2014, 2016 və 2017-ci illərdə “Qızıl top” mükafatına layiq görülüb.
Kriştiano Ronaldo ümumilikdə 3 dəfə “FİFA Dünyada İlin Futbolçusu”, 4 dəfə “UEFA İlin Futbolçusu”, 13 dəfə də oynadığı ölkələrdə ilin futbolçusu adına layiq görülüb. 1 dəfə FİFA “Puşkaş mükafatı”nın qalibi olub. Bunlardan əlavə, oynadığı liqalar üzrə saysız-hesabsız titulların sahibi olub.