"Qarabağ" bu cür rəqiblərə öyrəşib".
Bu sözləri apasport.az-a açıqlamasında futbol mütəxəssisi Füzuli Məmmədov deyib.
Sabiq futbolçu Çempionlar Liqasının əsas mərhələsində "Çelsi" ilə baş tutacaq görüşü belə dəyərləndirib:
"Bilirsiniz ki, Çempionlar Liqasının bu mərhələsində top-klublar mübarizə aparır. "Qarabağ"ın bu mərhələdə iştirakı artıq böyük uğurdur. Komandamız bu günə kimi 3 oyun keçirib, hər qarşılaşmada da rəqiblərinə qarşı layiqli mübarizə aparıb. Sabahkı oyun doğrudan da, çox çətin olacaq, baxmayaraq ki, "Qarabağ" sabah doğma meydanda mübarizə aparacaq. Rəqib top-klub səviyyəsindədir. "Çelsi" Klublarası Dünya Çempionatının son qalibidir, İngiltərə çempionatında da sürətli, aqressiv və dominant oynamağı sevən komandadır. Yeni məşqçidən sonra komandanın oyun üslubu da dəyişib. Rəqibin hücum xətti olduqca təhlükəlidir. Ona görə də, "Qarabağ" üçün çox çətin olacaq, xüsusən də, hücumların qarşısını almaq. Amma "Qarabağ" belə rəqiblərə öyrəşib. Burda hər oyun çətin olur, amma komandamız layiqincə mübarizə aparır. İnanıram ki, "Qarabağ" rəqibini düzgün təhlil edib və ona uyğun oyun planı seçəcək. Maksimum diqqətli və səhvsiz oynamalıdır. Üstün cəhətlərdən biri odur ki, "Qarabağ" evdə, doğma azarkeşləri qarşısında çıxış edəcək".
Qeyd edək ki, "Qarabağ" - "Çelsi" matçı sabah saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.