Füzuli Məmmədov: “Qələbəyə ehtiyacımız var”
07.03.2026 - 17:52
Füzuli Məmmədov: “Qələbəyə ehtiyacımız var”

Misli Premyer Liqasının XXIII turunun "Karvan-Yevlax" - "Sumqayıt" matçından (1:1) sonra ev sahiblərinin baş məşqçisi Füzuli Məmmədovun mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

"Maraqlı oyun alındı. İki tərəf də meydanda mübarizə apardı. Futbolçularımın döyüşkənliyi məni sevindirdi. Çox çalışırıq ki, qol buraxmayaq. Təəssüf ki, oyun ərzində rəqib çox qol epizodu yaratmadı, amma diqqətsizliyimizdən penalti qazandılar. Bizim daha yaxşı imkanlarımız var idi. Daha erkən qol vura bilərdik. Futbolçuların döyüşkənliyinə görə onlara təşəkkür etdim. Qələbəyə köklənmişdik. Futbolçular da çox istəkli idilər".

– Ardıcıl iki oyunda xal qazandınız. Liqada qalmaq ümidləri artıb?
– Futbolçular, məşqçilər korpusu işə çox ciddi yanaşır. Bu gün də qələbəyə çox inanırdıq. Geri düşəndən sonra qələbə çətin olur. Yaxşıdır ki, ardıcıl iki oyundur, məğlub olmuruq. Fərqi aradan qaldırmaq üçün qələbəyə ehtiyac var.

– Qarşıda “Zirə”, “Araz-Naxçıvan”, “Qarabağ” və “Kəpəz”lə görüşlər var. Bu qrafik komandaya necə təsir edəcək?
– “Araz-Naxçıvan”la burda da oynayanda pis oynamamışdıq. Sadəcə keyfiyyət matçın taleyini həll etmişdi. Oyunlara ciddi hazırlaşacağıq. “Kəpəz”lə matça qədər fərqi azaltmalıyıq. Çalışacağıq ki, qələbələr qazanaq.

– Yaxşı qapıçı komandanın yarısıdır. Sizcə, Pedro Mateus yarıdan daha çox deyil?
– Pedro özünü yaxşı tərəfdən göstərir. Burda qapıçı məşqçinin də işini dəyərləndirmək lazımdır. Kritik seyvlər edir, amma komandanın da əziyyətini yerə salmaq olmaz.

– Araz Abdullayevin durumu necədir?
– Zədədən qayıdandan sonra yenidən ağrılar hiss edib. Yaxşı müalicə keçib. Komandayla iki məşqə çıxıb. Çox çalışmalıdır ki, komandaya kömək ola bilsin.