"Hayduk"un sabiq forvardı: "Çox istəyərdim ki, növbəti mərhələyə "Zirə" adlasın, onlara azarkeşlik edəcəm"
24.07.2025 - 19:52
"Hayduk"un sabiq forvardı: "Çox istəyərdim ki, növbəti mərhələyə "Zirə" adlasın, onlara azarkeşlik edəcəm"

"Zirə" və "Hayduk"un sabiq forvardı Ruslan Qurbanov Apasport.az saytına müsahibə verib. 

- Sabiq komandaların "Zirə" və "Hayduk" üz-üzə gəldi dünən. Yəqin ki, "Zirə"nin qalib gəlməsini istəyirdin? 
- Bəli, oyunu izlədim. Hər iki komanda qalib gəlmək istəyirdi. Təbii ki, mən " Zirə"yə azarkeşlik edirdim. Çox istəyirdim ki, hesab elə 1:0 bitsin. Təəssüf ki, qol buraxdıq. Şans yenə də var. Çünki "Hayduk" təsəvvür etdiyim kimi də güclü deyildi. Əvvəllər orada daha güclü futbolçular oynayırdı. "Zirə"yə uğurlar arzulayıram və çox istəyərdim, arzu da edirəm ki, növbəti mərhələyə onlar adlasın. 

- Səncə, hesab ədalətli idi? 
- Əlbəttə ki, "Zirə" qələbə qazana bilərdi. Təəssüf ki, bunu əldən verdilər. Hər halda, "Hayduk" da iddialı gəlmişdi. Splitdə oynamaq "Zirə" üçün çətin olacaq. Orada Xorvatiyanın ən yaxşı azarkeşləri var. 

- Səfər görüşü öncəsi səncə şanslar necədir? 
- Məncə, Xorvatiyada 3-4 qol vurulacaq. Çox istəyərdim ki, növbəti mərhələyə "Zirə" adlasın. Onlara azarkeşlik edəcəm. Hər iki komandaya uğurlar arzulayıram. Təki, zədəsiz oyun olsun. 

- Splitdəki oyunda atmosfer tamam fərqli olur. Orada özün də oynamısan. Bu, "Zirə" üçün mənfi hal olacaq? 
- Təhlükəsizlik baxımından mən əminəm ki, "Hayduk" "Zirə" üçün hər şeyi təmin edəcək. Azarkeşlər Xorvatiyanın ən yaxşısıdır, dayanmırlar və həmişə komandanı irəli aparırlar. "Hayduk" stadionunda oynamaq həqiqətən gözəl həzzdir. Qoy “Zirə”lilər də bu ab-havanı hiss etsinlər, əgər kimsə oynamaqdan çəkinərsə, o zaman bu futbolçuya məsləhət görürəm ki, futbolu buraxıb evdə qalsın.

- "Hayduk" və ya "Zirə" sən oynadığın vaxtdan bu yana çox güclənib? 
- Mən oynayanda "Hayduk" çox güclü idi, o komandadan demək olar ki, hamı Avropanın yaxşı klublarında oynamaq üçün oradan getdi və onlar hələ də oynayırlar. Nikola Vlaşic demək olar ki, sonuncu idi, karyerasına baxın. Bu onu göstərir ki, o vaxt futbolun səviyyəsi daha yüksək idi.

- Splitdə olmayacaqsanki? Xorvatiya tərəfi səni dəvət etməyibki oyuna? 
- Mən kimə lazımam ki, məni dəvət etsinlər? (Gülür). Təbii ki, dəvət olarsa, məmnuniyyətlə gedib oyuna baxardım. Ən güclü olan qalib gəlsin. 

- "Hayduk" son illərdə avrokuboklarda uğursuzdur. "Zirə" səddi keçilməsə, böyük tənqidlər olacaq səncə? 
- Sözsüz ki, tənqidlər olacaq, özü də ən güclüsündən. "Hayduk"da hər şeyə fanatlar qərar verir. Ona görə də əsəbiləşdirmək olmaz onları.