İsmayıl Zülfüqarlı: "Milli komandada oynamağa futbolçu qalmayacaq"
10.01.2025 - 18:21
İsmayıl Zülfüqarlı: "Milli komandada oynamağa futbolçu qalmayacaq"

“Turan Tovuz”un müdafiəçisi İsmayıl Zülfüqarlı apasport.az saytına müsahibə verib.

- Türkiyə toplanışı necə gedir? Hər şey qaydasındadır, sizi narahat edən nəsə varmı?
- Toplanışımız öz qaydasında gedir. Hər şey yaxşıdır. Komanda daxilində atmosfer yüksəkdir. Bizə narahatçılıq verəcək heç bir səbəb yoxdur. Bəli, çempionat oyunları üçün darıxmışıq. Özümüz də oyunların bərpa olunmasını gözləyirik.

- Komanda dünən yoxlama görüşü keçirdi və "Qloria Bezeu" ilə qarşılaşdı. Yoxlama matçlarında nəticə önəmli olmasa da, səncə, həmin məğlubiyyət komandaya motivasiya sarıdan təsir etməyəcək? 
- Bəli, elədir. Yoxlama oyunları nəticə üçün deyil. Əsasən fiziki və taktiki gedişlərimizi yerinə yetirmək üçündür. Əsas tələb məşqçimizin verdiyi qərarları yerinə yetirməkdir. Biz də bunun üçün çalışdıq. Amma “Qloria”ya məğlubiyyətin heç bir təsiri olmayacaq. Biz məşqlərimizi yerinə yetiririk, toplanışımız davam edir.

- Qış toplanışı üçün ölkə xaricinə yalnız "Turan Tovuz" yollandı. Səncə, bunun sizə xüsusi köməyi dəyəcək? Ən azından, yoxlama görüşlərində xarici klublarla qarşılaşmaq komandaya müsbət təsir edə bilər?
- Düşünürəm ki, təlim-məşq toplanışının əsas mərhələsi elə oyunlardır. Burda yaxşı komandalar və uğurlu məşqlər etmək üçün hər cür şərait var. Bunların komandaya yaxşı təsir göstərəcəyini düşünürəm. Biz də mövsümün ikinci yarısına hazırlaşırıq. İstəyirik ki, uğurlu nəticələr əldə edək.

- Digər rəqib isə "Paxtakor" olacaq. Yəqin ki, son görüş olduğu üçün, Premyer Liqa öncəsi qələbə qazanmaq yaxşı olardı...
- Hər bir oyunda qələbə qazanmaq daha yaxşıdır. Çalışacağıq ki, “Paxtakor”la görüşdə qalib gələk. Ancaq ən əsası məşqçimizin verdiyi və verəcəyi taktiki gedişləri, istədiklərini düzgün yerinə yetirməkdir.

- “Turan Tovuz" artıq iki transfer reallaşdırıb - Rəhim Sadıxov və Orxan Əliyev. Onlar barədə nə düşünürsən? Müdafiəçi olaraq, onlara qarşı oynamaq sənə çətinlik törədirdi?
- Komandamızın böyük hədəfləri var. Bunun üçün də komandamıza güc qatacaqlar. Hər iki futbolçu yaxşı oyunçulardır. Komandamıza keyfiyyətli oyunçular dəvət edildi. Biz buna sevinirik. Hamımız birlikdə komandanın nəticəsi üçün çalışırıq. Bəli, həmin oyunçulara qarşı oynadığım zaman da yaxşı futbolçular olduğunu hiss etmişəm.

- Mövsümü də ən azından indiki pillədə başa vurmağınızı real hesab edirsən? Yoxsa, rəqiblər sizə fərqli və daha ciddi yanaşacaq deyə, düşünürsən ki, mövsümün ikinci yarısında işiniz daha çətin görünür?
- Mövsümün qalan oyunları daha da çətin olacaq. Amma biz də bunlara hazırıq. İndi də buna görə Türkiyədəyik. Hazırda üçüncü pillədə olmağımız bizi rahatlaşdırmır. Vəziyyətimizi daha da yaxşılaşdırıb, yaxşı oyunlar göstərməyə çalışacağıq.

- Mövsümün ikinci yarısına Qərb derbisi ilə başlayacaqsız. Bu, yaxşıdır, yoxsa necə? Daha uyğun rəqiblə qarşılaşmaq istəyərdiz?
- Düşünmürəm ki, digər hansısa komanda ilə başlasaq, daha asan və ya çətin olacaqdı. Çempionatımızda vəziyyət elədir ki, hər bir komanda döyüşkən oyun göstərir. Qələbə qazanmaq üçün hamı sona qədər mübarizə aparır. Liqamızda asan rəqib yoxdur, hamısı yaxşı komandalardır. Biz rəqibdən asılı olmayaraq, meydana qələbə üçün çıxacağıq.

- Gündəm və aktual mövzulardan biri məhz legioner limitinin ləğvi məsələsidir. Səncə, bu qərar yerli futbolçulara necə təsir edə bilər? Klub tapmaq və karyera baxımından...
- Bu barədə yerli futbolçu kimi yox, ümumi olaraq fikrimi deyəcəm. Düşünürəm ki, limitin ləğv olunması Azərbaycan futboluna yaxşı təsir etməyəcək. Perspektivli, yeni gələn nəsil üçün yol bağlanacaq. Düzdür, yaxşı oyunçu hər zaman oynamaq üçün yol tapır. Amma elə futbolçular var ki, 15-17 yaşları var və onların əsas komandalara gəlməsinə demək olar ki, şans qalmayacaq. Bu da Azərbaycan futbolunun gələcəyini sual altına atır. Belə olarsa, milli komandada oynamağa futbolçu qalmayacaq.

0