Kaxaber Tsxadadze: "Sona qədər sözümün üstündə durmalıyam"
07.11.2025 - 20:20
Kaxaber Tsxadadze: "Sona qədər sözümün üstündə durmalıyam"

"Qəbələ" Misli Premyer Liqasının 11-ci turunda doğma meydanda "Sumqayıt"a 062 hesabı ilə  uduzub.

Apasport.az xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Kaxaber Tsxadadze matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- "Sumqayıt"ı qələbə münasibətilə təbrik edirəm. Belə oyundan sonra nəsə demək çətindir. Nəticəyə görə azarkeşlərdən üzr istəyirəm. İstər-istəməz məşqçi günahkardır. Real qol şanslarından istifadə edə bilmirik. Rəqibə elə penalti qazandırdıq ki... Başa düşə bilmirəm ki, elə epizodda necə əllə oynamaq olar. Həmişə özümə sual verirəm ki, nəyi düz etmədik? Səhvlərin qarşısını necə alacağımızı fikirləşmək lazımdır. Hər oyunda 1-2 kobud səhv edirik. Bunun nəticəsində məğlub oluruq. Kiməsə zəif görünmək istəmirəm. İşimin başında qalıram. Söz vermişəm. Sona qədər sözümün üstündə durmalıyam.

- Əvvəlki mətbuat konfranslarının birində demişdiz ki, bəzi futbolçuların səviyyəsi Premyer Liqaya uyğun deyil. Bu sözdən sonra onları oyunlara necə motivasiya edirsiz?

- Mən bu sözü ehtiyat oyunçular skamyasında oturan futbolçular haqda demişdim. Bir çoxlarında Premyer Liqa təcrübəsi çatmır. Təcrübəni deyirəm, səviyyəni yox. Heyətə baxsaz, görərsiz ki, bir çox futbolçunun Premyer Liqa təcrübəsi yoxdur. Onlar təcrübəli oyunçularla mübarizədə çətinlik çəkirlər. Bu da normaldır. Mən özüm 18 yaşımda əsas heyətdə oynamışam. Futbolçu üçün bundan böyük motivasiya ola bilməz. Məşqçi 18-19 yaşlı oyunçuya şans veribsə, meydanda can qoymalıdır, özünü öldürməlidir. Məşqçi futbolçuya başqa necə motivasiya verə bilər?

- Asif Məmmədovun xidmətindən yararlanmağı düşünürsünüz?

- Asif bizim klubun əfsanəsidir. Bizə kömək edir. Yerli futbolçularla söhbətlərdə məşqçilər korpusuna köməklik göstərir. Fiziki durumu oynamağa imkan vermir. Asif çox yaxşı insandır.

- Komanda son oyunlarda qol vura bilmir. Bunun səbəbi nədir?

- Əlbəttə bu, məni narahat edir. Nə qədər qol vəziyyəti yaradırıq, buna baxmaq lazımdır. Oyundan əvvəl Saşa İliçlə söhbət etdik. O da bizim komanda haqda müsbət sözlər dedi. Hər oyun 4-5 yüz faizli qol vəziyyətlərindən istifadə edə bilmirik. Bu da təcrübəsizlik və soyuqqanlı olmamaqdan irəli gəlir. Təcrübə qazandıqca soyuqqanlı olursan. Prins Ovusu 5 metrdən ötürmə verə bilmədi. Domi Massumu demək olar ki, boş qapıya düşə bilmədi. Penaltiyə qədər "Sumqayıt"ın qol epizodu yox idi.

- "Karvan-Yevlax" və "Kəpəz" qalib gəlsə, sonuncu yerə düşəcəksiz. Mövsüm başlayanda belə ssenarinin olacağını düşünürdünüz?

- Əlbəttə ki, belə olacağını düşünməzdim. Bizim məqsədimiz Premyer Liqada qalmaq idi. Bunun üçün mübarizə aparırıq. Nəyisə atıb getmək asandır. Söz vermisənsə, axıra qədər üstündə durmalısan. Bir daha azarkeşlərdən üzr istəyirəm. Qışa qədər mübarizə aparmalıyıq. Qışda isə heyəti gücləndirməliyik. Güclü olmaq lazımdır.

- Hər dəfə deyirsiz ki, heyətimiz gəncdir, futbolçuların təcrübəsi yoxdur. Bunu yayda düşünməmişdiz?

- Sizinlə razıyam. Amma əvvəlki mətbuat konfranslarında bu məsələyə toxunmuşam. Bəli, heyətlə bağlı səhvlər olub. Qışa qədər bu söhbəti bağlayaq. İndi bu haqda danışmağın mənası yoxdur.