"Kəpəz" üçün əlamətdar göstərici: 1000-ci rəsmi oyun
15.09.2025 - 14:09
"Kəpəz" üçün əlamətdar göstərici: 1000-ci rəsmi oyun

Misli Premyer Liqasının IV turu “Kəpəz” üçün əlamətdar olub.

Apasport.az xəbər verir ki, Gəncə klubu müstəqillik illərində 1000-ci rəsmi oyununu keçirib.

Qərb təmsilçisi bu yubileydə “Araz-Naxçıvan”a 0:2 hesabı ilə uduzub.

“Kəpəz” Azərbaycanmiqyaslı yarışların keçirilməyə başladığı 1992-ci ildən indiyədək Premyer Liqada (əvvəlki güclülər dəstəsi) 686, I Liqada (əvvəllər birinci divizion) 177, ölkə kubokunda 110, avrokuboklarda 14, Birlik kubokunda 13 qarşılaşmaya çıxıb.

“Kəpəz” bu görüşlərdə 415 qələbə qazanıb. 209 heç-heçəsi olan komanda 376 dəfə uduzub.

Yalnız 2006-09-cı illərdə üç mövsümlük fəaliyyətini dayandıran “Kəpəz” müstəqillik illərindəki oyun sayında ancaq “Qarabağ” və “Neftçi”dən geri qalır.

Qeyd edək ki, “Kəpəz” müstəqillik illərində ilk oyununu 1992-ci il mayın 3-də “Turan”a qarşı keçirib. Gəncə təmsilçisi ilk ölkə çempionatının açılış günündə 2:1 hesablı qələbə qazanıb.