Misli Premyer Liqasının X turunun "Turan Tovuz" - "Şamaxı" matçından (2:1) sonra ev sahiblərinin baş məşqçisi Kurban Berdıyevin mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
"Təxmin etdiyimiz kimi, ağır oyun oldu. "Şamaxı" bu mövsüm üçün kifayət qədər güclənib. Yaxşı futbolçulara malikdirlər. Oyunlar keçdikcə, gücləri daha da artır. İkinci hissədə biz daha bütöv oyun nümayiş etdirdik. Qələbəyə layiq idik".
- İlk hissənin bu qədər sönük keçməsini nə ilə əlaqələndirirsiz?
- Həyəcan var idi. Uzun müddətdən sonra öz azarkeşlərimiz qarşısında oynayırdıq. Məşqdə də hiss edilirdi. İkinci hissədə biz daha bütöv oyun göstərdik. Oyunçular bir az sakitləşmişdilər.
- Stadionun qazonu ilə bağlı fikriniz necədir? Düşünürdüz ki, bəlkə bir müddət sonra oynayardınız?
- Qazonla bağlı hər şey aydındır, özünüz hər şeyi görürsüz. Oyunla bağlı danışaq.
- "Turan Tovuz" hazırda liderdir. Milliyə yalnız Faiq Hacıyev cəlb edilir. Artıq o da start heyətində yer almır. Bu sizi qayğılandırır?
- Təkcə Faiq yox, digərlərinə də aiddir, kim güclüdürsə o da oynayır.
- Ayxan Abbasov bildirdi ki, hər iki komanda bir xala layiq idi. Siz necə düşünürsüz?
- İkinci hissədə biz daha üstün oynadıq. Daha çox qol epizodlarımız var idi. Biz qələbəyə daha layiq idik.
- Müdafiə xəttinin çıxışından, xüsusilə də Emmanuel Hakmandan razı qaldınız?
- Hakman heç vaxt olmadığı qədər həyəcanlı idi. Əssən də ilk hissədə sadə səhvlərə yol verirdi. İkinci hissədə daha rahat və daha yaxşı oynadı.