"Legioner limitini danışmaqdansa, uşaq futboluna baxmalıyıq" - Rahid Əmirquliyev
02.01.2025 - 16:00
"Legioner limitini danışmaqdansa, uşaq futboluna baxmalıyıq" - Rahid Əmirquliyev

"Qarabağ"ın sabiq futbolçusu Rahid Əmirquliyev apasport.az saytına müsahibə verib.

- "Qarabağ" sezonu qış çempionu kimi başa vurdu. Komandanın daxili liqadakı performansını necə dəyərləndirirsən?
- Çempionat başlamamışdan öncə bilinirdi ki, aşkar favorit "Qarabağ"dır. Artıq neçə illərdir ki, belədir. Bəzi hallarda elə komandalar olur ki, yüksək performans göstərirlər, "Qarabağ"a rəqib kimi görünürlər. Amma indiki vəziyyətdə "Qarabağ" yeganə komandadır ki, hər il çempionluq üçün açıq-aşkar favorit olur. Onların da qış çempionu olması normal haldır. Düzdür, bəzi oyunlarda xal itirdilər. Amma bu da futbolda normaldır. "Qarabağ"ın avrokubok matçları da var idi. Doğrudur, avrokuboklarda yaxşı çıxış edə bilmədilər. Bizim liqamızda çıxıb rahat oynayırlar. Avropada isə hər şey başqa cürdür. Çempionatımız güclü olsaydı, "Qarabağ" üçün avrokuboklarda oynamaq daha rahat olardı. Hər halda, onların daxili liqada qış çempionluğu gözlənilən idi.

- Səncə, bu sezon liqada "Qarabağ"la rəqabət aparacaq komanda var? "Araz-Naxçıvan", "Turan Tovuz"un bu mövsümkü performansı necədir?
- Düzdür, "Araz-Naxçıvan" bu mövsüm yaxşı çıxış edir. Sevindirici haldır ki, çempionluğa namizəddir. Ən azından inanıram ki, avrokuboklara düşəcəklər. "Turan Tovuz" pis oynamır. O komandaların "Qarabağ"a rəqib kimi mübarizə aparmaları üçün xeyli zamana ehtiyacları var. "Qarabağ" başqa səviyyədir. Lakin istənilən halda, sevindirici haldır ki, "Araz-Naxçıvan", "Turan Tovuz" bu cür oynayır. Bəlkə də, heç kəs onlardan bu cür performans gözləmirdi. Amma onlar mövsümün ilk yarısında yaxşı performans göstərdilər. Onlara da uğurlar arzulayıram. Allah qoysa, sona qədər bu cür davam edərlər.

- "Qarabağ"ın avrokuboklardakı istənilən qədər uğurlu çıxış edə bilməməsinin səbəbi nədir? 
- Bayaq dediyim kimi, Avropa artıq başqa səviyyədir. "Qarabağ" çempionatımızda rahat, demək olar ki, çox güc sərf etmədən oynayır. Amma avrokuboklarda belə deyil. Bizim çempionat güclü olsa, "Qarabağ" liqada rəqabət görsə, güclü komandalar, yaxşı oyunlar çox olsa, onlar üçün də avrokuboklarda oynamaq rahat alınar. Liqamızın səviyyəsi aşağıdır. Ona görə də, "Qarabağ"a Avropa Liqasında oynamaq çətindir. Bu mənim fikrimdir, mən belə düşünürəm.  

- Yeri gəlmişkən, Juninyonun "Sevilya"ya mümkün gedişini necə qiymətləndirirsən? 
- Juninyo ən yaxşı hücumçulardandır. Öz səviyyəsini göstərir. Əlbəttə ki, onun gedişi "Qarabağ" üçün itki olacaq. Ancaq inanıram ki, "Qarabağ" onu əvəz edəcək futbolçunu tapacaq. Düzdür, komandada yerli, cavan hücumçular da var. Nəriman Axundzadəni və Musa Qurbanlını qeyd edə bilərəm. Amma Juninyo getsə belə, "Qarabağ" onu əvəz edə biləcək birini tapacaq. Əvvəl də belə olub, indi də belə olacaq. Dino Ndolovu, Reynaldo kimi yaxşı hücumçular gəlib-gedib. Lakin "Qarabağ" hər zaman əvəzləyici tapıb. "Sevilya" da elə-belə komanda deyil. Bəlkə Juninyonun da arzusu orada oynamaqdır. Juninyonun gedişi nə qədər itki olsa da, inanıram ki, "Qarabağ" onu əvəzləyəcək hücumçunu tapacaq. 
 
- 2025/2026 sezonundan legioner limitinin ləğv olunacağı gözlənilir. Səncə, bu yaxşıdır, yoxsa yerli oyunçular üçün sıxıntıdır?
- O vaxtı legioner limiti yox idi. Düzdür, yerli futbolçular üçün sıxıntı ola bilər. Oynayan, özünə inan futbolçu onsuz da oynayacaq. Amma bəzi yerli futbolçular üçün sıxıntı ola bilər. Klublardan da çox şey asılıdır. Bəzi klublar bəlkə legionerlərə, bəziləri yerli, perspektivli oyunçulara üstünlük verəcəklər. İstəməzdim ki, legioner limiti dəyişdirilsin. Bu mənim şəxsi fikrimdir. Legioner limiti qalsaydı, daha yaxşı olardı. İnkişaf istəyiriksə, legioner limitinə yox, aşağı yaş qruplarına baxmalıyıq, akademiyalara diqqət etməliyik.

0