Millimizin kapitanı: “Kuboku Bakıda saxlamaq istəyirik”
17.10.2025 - 15:15
Millimizin kapitanı: “Kuboku Bakıda saxlamaq istəyirik”

“Belə bir mötəbər turnirin ilk dəfə Azərbaycanda keçirilməsi bizi çox sevindirir. Bizim əsas məqsədimiz bu idman növünün ölkəmizdə inkişaf etməsinə və əlilliyi olan şəxslərin bu sahəyə daha çox maraq göstərməsinə şərait yaratmaqdır".

Apasport.az xəbər verir ki, bu sözləri Azərbaycanın Amputant Futbolu üzrə milli komandasının kapitanı Fərhad Əyyubov deyib.

O, məqsədlərinin kuboku Bakıda saxlamaq olduğunu bildirib: "Bildiyiniz kimi, 2023-cü ildə Şotlandiyada keçirilən Millətlər Liqasının D divizionunda mübarizə apardıq və C divizionuna yüksəldik. Komandamız artıq bir neçə aydır ki, çox ağır məşq prosesindən keçir. Mənim və ya digər komanda yoldaşımın qol vurması o qədər də önəmli deyil Əsas odur ki, komanda şəklində uğurlu çıxış edək və qalib gələk. Məqsədimiz qrup mərhələsini qələbə ilə başa vurmaq və kuboku Bakıda saxlamaqdır. Bunun üçün əlimizdən gələni edəcəyik, çünki komandamızın buna nail olmaq potensialı var. Qarşıda bizi İsrail, Niderland və Ukrayna yığmaları ilə çətin oyunlar gözləyir. Bütün Azərbaycan xalqını bizi dəstəkləməyə çağırıram. Bu bizim üçün çox önəmlidir, mənəvi dəstək bizə böyük güc verir".

Kapitan həmçinin bu idman növünə necə başladığını açıqlayıb: "Öz hekayəmə gəlincə, 2019-cu ildə döyüş tapşırığını yerinə yetirərkən yaralanmışdım. Heç düşünməzdim ki, bir gün bu idman növündə çıxış edəcəyəm. Həmin dövrlər mənim üçün çox çətin idi. Dostlarım sayəsində amputant futbolu ilə tanış oldum, sonra öz üzərimdə işləyərək inkişaf etdim və nəticədə komandaya kapitanlıq etmək səviyyəsinə qədər yüksəldim. Təkcə mən yox, bütün komanda yoldaşlarım bu stadionda ikinci həyatlarını tapır. Burada tər tökmək, futbol oynamaq bizim üçün çox böyük dəyərə malikdir. Bu idman növünün inkişafı üçün əlimizdən gələni etməyə davam edəcəyik".

Qeyd edək ki, Azərbaycan millisi Belçikanı 3:0 hesabı ilə məğlub edib.