Millinin yeni baş məşqçisi bu tarixdə təqdim olunacaq
13.03.2026 - 19:55
Millinin yeni baş məşqçisi bu tarixdə təqdim olunacaq

AFFA Azərbaycan U-20 millisinin yeni baş məşqçisi Rui Jorje üçün mətbuat konfransı təşkil edəcək.

Apasport.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Tədbir martın 16-da keçiriləcək və saat 14:00-da başlayacaq.

Qeyd edək ki, Rui Jorge məşqçiliyə futbolçu kimi son klubu olan “Belenenseş”də başlayıb. Portuqaliyalı mütəxəssis 2006-2010-cu illər aralığında adıçəkilən klubun U-19 komandasına rəhbərlik edib, 2008/2009-cu illər mövsümündə qısa müddət əsas komandanın baş məşqçisi olub.

2010-cu ildə Portuqaliyanın U-21 yığmasının “sükanı arxası”na gətirilən Jorge 15 il bu komandanı çalışdırıb. Onun rəhbərliyi altında portuqaliyalılar 5 dəfə Avropa çempionatının final mərhələsində iştirak edib, bunun ikisində (2015, 2021) gümüş mükafat qazanıb. Həmin illər ərzində Rui Jorge Portuqaliyanın Olimpiya millisinə də rəhbərlik edib.

Əlavə edək ki, Azərbaycanın U-20 millisi 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FİFA U-20 Dünya Çempionatında ölkəmizi təmsil edəcək.