“Neftçi”də Qara Qarayev “düyün”ü
17.09.2024 - 16:14
“Neftçi”də Qara Qarayev “düyün”ü

Mövsümə uğursuz start verən “Neftçi”də vəziyyət düzəlmək bilmir.

Komanda ötən həftəsonu növbəti məğlubiyyətini aldı. “Ağ-qaralar” bu səfər “Zirə”yə uduzdu – 0:2. Hətta Roman Qriqorçukun yetirmələrinin qapısında qol görməsi üçün 18 saniyə kifayət etdi. 

Təbii ki, məsələ sadəcə top buraxmaq deyil. Problemlərdən biri də ondadı ki, komanda qol vura bilmir. “Neftçi” kimi tarixi olan klub bu mövsüm 6 matçda cəmi 2 top vurmağı bacarıb. 

Təsəvvür edin ki, Cesse Sekidika (4), Davit Volkov və Coy Lens Mikels (hərəyə 3) Bakı təmsilçisindən daha məhsuldardı. Necə olur ki, büdcəsi və transferləri “Sabah”la “Zirə”dən daha üstün olan klub bu günə qalır? 

Dedilər ki, problem baş məşqçidi, birini qovdular, digərini gətirdilər, ürəkləri soyumadı onu da qovdular. Nəticədə Azərbaycan futboluna bələd olan, “Qəbələ” ilə Avropa meydanlarında tarixi uğurlara imza atan Roman Qriqorçuku bu posta gətirdilər. İçi mən qarışıq, hamımız ukraynalıya inandıq. Komandanı ən azı “Qarabağ”dan sonra ikinci pilləyə namizəd edəcəyini düşündük. Artıq onun rəhbərliyi altında 6 oyun geridə qalıb. Nəticə? 0 qələbə, 2 vurulan, 6 buraxılan top. Bunun isə adı sadəcə biabırçılıqdı. 

Son 1 ildə 3 baş məşqçi dəyişən “Neftçi” “Səbail”, “Şamaxı”, “Araz-Naxçıvan”ı uda bilmirsə, demək ki, problem çalışdırıcı deyil. Məsələ başqadı. Komandanın göstərdiyi performans birbaşa klubdaxili məsələlərin nəticəsidi. 

Necə ki, “Neftçi”nin vitse-kapitanı Rəhman Hacıyev söyləyir ki, gərək futbolçularda xarakter olsun, klubda hər şey dəyişsin. O, bu sözləri boşuna demir. Kollektivin içində olan şəxs kimi hər şeyi açıq-aşkar görür. Komandanın bəzi futbolçuları kimlərinsə tapşırığı ilə meydana sadəcə gəzmək üçün çıxırlar. Kapitan Emin Mahmudov isə millidə göstərdiyi performansın 100-də 10-nu “ağ-qaralar” üçün sərf etmir.

Bəlkə də bu, Qara Qarayevə edilənlərin intiqamıdı? Bəlkə Emin uşaqlıq dostuna edilənlərin acığını klubdan belə çıxır?

"Apasport"u oxumağa davam edin. Davamını “məllim” yazacaq...

İsmayıl Xeyrullayev
 

0