Ötən mövsüm Azərbaycan Premyer Liqasında bombardirlər siyahısında yer alan “Araz-Naxçıvan”ın sabiq forvardı Orxan Əliyev apasport.az saytına müsahibə verib.
- Ötən mövsümü çox yaxşı səviyyədə keçirdin, hətta bombardilər siyahısında da yer aldın. İndi klubsuz qalmağına səbəbi nədə görürsən?
- Bəli, elədir. Ötən mövsümü çox yaxşı keçirmişdim. Qollarımı vururdum. Düzünü desəm, ötən mövsümkü performansımdan sonra bu cür situasiyaya düşəcəyimi gözləmirdim. Amma futboldur da, belə də olur. İndi gözləmə mövqeyindəyəm. Necə olacağını görəcəyik.
- Səncə, ötən mövsümkü performansın daha iddialı, daha yaxşı komandaya transfer olmağına kömək olmalı idi?
- Axı “transfer pəncərəsi” indi də açıqdır, bağlanmayıb. Hələ ki, vaxt var. Mənim təklifim var. Sadəcə olaraq, həmin təklif hələ məni o qədər də razı salmır. Ümidvaram ki, tez bir zamanda həmin məsələ də həllini tapacaq. Sadəcə azca gözləmək lazımdır.
- Premyer Liqa klublarından hansı ilə danışıq aparırsan? Səncə, Premyer Liqada istənilən komandada oynayaraq, onlara kömək ola bilərsən?
- Hansı komandaya gedirəmsə-gedim məndən asılı olan hər şeyi etməyə hazıram. Komanda üçün meydanda mübarizə aparcam. Bəli, Premyer Liqa klublarından da danışıq apardığım var. Əgər sual altında olan məsələlər həllini taparsa, ola bilsin ki, müqavilə imzaladım.
- "Araz-Naxçıvan"ın özündə qalmaq istəmirdin? Elmar Baxşıyev səni komandada görmək istəmədi?
- Yox, mən özüm "Araz-Naxçıvan"da qalmaq istəyirdim. Amma biz ortaq məxrəcə gələ bilmədik. Elmar Baxşıyev də komandada qalmağımı istəyirdi. Amma komandada qalmağım üçün həll edilməli olan məsələlər həll edilmədi. Ona görə də sonda ayrılıq baş tutdu.
- "Araz-Naxçıvan" birinci turda "Qarabağ"a qarşı 1:4 hesablı məğlub olub. Həmin görüşü izlədin? Səncə, ötən mövsümlük "Araz" yaxşı idi, yoxsa indiki?
- Əlbəttə, oyuna baxdım. İndi nəsə demək çox tezdir. Çünki cəmi bir tur geridə qalıb. Özü də, nəzərə alaq ki, “Araz-Naxçıvan” “Qarabağ”a qarşı oynadı. Necə olacağını qarşıdakı turlarda görəcəyik. “Araz-Naxçıvan”a uğurlar arzulayıram.
- Ölkə xaricindən olan klublardan birinə keçmək ehtimalın varmı? Xaricə getmək baş tuta bilər?
- Ümid edirəm ki, bu məsələ öz həllini tapacaq. Danışıqlar davam edir. Əgər bütün məsələlər həll olunarsa və heç bir problem yaranmasa, o zaman ölkə xaricinə yollanacam.