“Dünənki oyunu çox da analiz etməyə ehtiyac olduğunu düşünmürəm”.
Bu sözləri Apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq baş məşqçisi Arif Əsədov deyib.
Təcrübəli mütəxəssis “Qarabağ”ın ötən gün “Liverpul”la keçirdiyi matçdan nəticə çıxaracağını və bu cür rəqiblərlə qarşılaşmağın irəli səviyyəyə yüksəlmək üçün önəmli olduğunu vurğulayıb: “Görüşdən əvvəl də bilirdik ki, rəqibin gücü, çempionatın səviyyəsi və futbolçuların sürəti göz qabağındadır. "Qarabağ" həmin matçdan xal və ya xallar götürə bilsəydi, təbii ki, bu, böyük bir sürpriz olardı. Gözlənildiyi kimi, təmsilçimiz məğlub oldu. Rəqibin böyükhesablı qələbəsi bir qədər üzücü idi. Amma bu, bir test oyunu sayılmalıdır. "Qarabağ" qarşıdakı rəqiblərlə görüşlərdə nələr etməli olduğunu bu matçda öyrənmiş oldu. Əsas olan odur ki, "Köhlən atlar" pley-off mərhələsinə vəsiqə qazandı. Bu, Azərbaycan futbolu adına böyük uğurdur. Həm rəhbərliyin, həm də məşqçilər korpusunun gördüyü işlər təqdirəlayiqdir və biz bunu qiymətləndirməliyik. Hazırkı Azərbaycan futbolunu nəzərə alsaq, bu uğur bizim üçün əlçatmaz kimi görünürdü. Lakin "Qarabağ" bunu bacardı”.
Arif Əsədov “Qarabağ”ın potensial rəqiblərini də dəyərləndirib: “Rəqiblərə gəldikdə, PSJ-nin düşməsi test oyunu baxımından yaxşı olardı. "Qarabağ"ın son Çempionlar Liqasının qalibi ilə qarşılaşması özü də böyük bir şərəfdir. "Nyukasl" PSJ-dən zəif görünə bilər, lakin İngiltərə Premyer Liqasında öz sözünü demiş komandalardan biridir. İndiki vəziyyətdə hansı komandanın düşməsi o qədər də vacib deyil. Təmsilçimiz sadəcə rəqiblərlə keçiriləcək oyunlardan həzz almalı və dərs çıxarmalıdır”.