“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə
14.03.2023 - 09:56
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə

“Qarabağ”ın və Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyev son illərdə ölkə futbolunda ən çox müzakirə edilən adlardan biridir. İstər mənfi, istərsə də müsbət mənada... Onu son gündəmə gətirən hadisələr isə Çempionlar Liqasının pley-off mərhələsində “Viktoriya” ilə səfər oyununda və Avropa Liqasının qrup mərhələsində “Nant”la qarşılaşmada etdiyi səhvlər oldu. Azarkeşlərin bir qismi çərçivə qoruyucusunu tənqid etdi, digərləri isə ona dəstək oldu. Bunları nəzərə alıb “Şah” ləqəbli qapıçı ilə söhbətləşməyə qərar verdik.

Apasport.az xəbər verir ki, o, “Qafqazinfo”ya müsahibəsində oyunlardakı səhvini etiraf etdi, Prezident İlham Əliyevlə dialoqundan və bir çox maraqlı nüanslardan danışdı:

- Zədənizin hazırkı vəziyyəti necədir?

-Əməliyyatdan ay yarım keçib. Bu, məşqlərə başlamaq üçün çox az müddətdir. Vaxtından tez komandaya qayıtmaq istəmirəm. Çünki bu, məndə 3 dəfə baş verib və düzünü desəm, artıq yorulmuşam. Psixoloji olaraq çox çətindir. Hər dəfə ağrıyırsan, bərpa prosesi, qolunu işlətməlisən, trenajor zalında çox məşq edirsən.

- Qarşıda milli komandanın oyunları var. Yığmanın matçlarına qədər tam sağalacaqsız?

- Mən çox istəyirəm ki, milliyə kömək edim, amma formada olmayacağam. Yəni bu cür Şahruddin yığmaya lazım deyil. Millinin səviyyəsi tamam başqadır və orada oynamaq üçün tam hazır olmalısan.

- “Qarabağ” Konfrans Liqasının 1/8 final mərhələsində “Gent” səddini niyə keçə bilmədi?

- Biz “Gent” üzərində qələbə qazana bilərdik. Çünki onlardan daha güclü idik. Sadəcə evdəki matçda daha çox qol vurmalıydıq.

- Luka Quqeşaşvilinin çıxışını necə dəyərləndirirsiniz?

- Mən düşünmürəm “Gent”lə oyunlarda yerim görünürdü. Çünki hər iki oyunu Luka Quqeşaşvili yaxşı oynadı. Penalti qapıçı üçün heç vaxt göstərici olmayıb, çünki daha çox psixoloji işdir. Əgər sən psixoloji olaraq güclüsənsə, qalib gələcəksən, əgər deyilsənsə, udmayacaqsan. Kadi Borxes və Kvabena Ovusunun itkisi də rol oynadı. Onların yerinə gələn oyunçular hələ ki, biz istədiyimiz formada deyillər.

- Azərbaycana necə gəlmisiniz?

- Mən həmişə Moskvada məşq etmişəm və məşqçim gürcü olub. Bir gün o mənə zəng edib dedi ki, bir variant var - “Şahdağ”da oynaya bilərsən. Gəldim, çünki Azərbaycan bizim üçün çox yaxın ölkədir, dinimiz də eynidir. Məşqçimiz Kamran Əlibabayev klubda mənə çox kömək edib. 6 ay orada oynadım, sonra məni U-21 millisinə çağırdılar və bəyəndilər. Ondan sonra “Sumqayıt”a keçdim, 2 il orada oldum. Sonra da “Qarabağ”a gəldim.

- “Qarabağ”a keçid necə baş tutdu?

- Mənim “Qarabağ”a keçidim yəqin ki, daha çox Qurban Qurbanovun istəyi olub. Ona yerli qapıçı lazım idi. Həmin vaxt limit var idi, bir nəfər gənc oyunçu olmalıydı və mən gənclər millimizin qapıçısıydım. Çox sevinirəm ki, o zaman “Qarabağ”a keçə bildim. Futbola ilk başladığım günlərdə bu, ancaq arzu idi və yerinə yetdi.

- Düşünürdünüz ki, bir gün “Qarabağ”a gəlib Çempionlar Liqasında oynayacaqsız?

- Rusiyada futbola başlayarkən düşünməzdim ki, bu səviyyədə oynayacağam. Millidə çıxış edəcəyəm, “Qarabağ”la avrokuboklarda oynayacağam...

- Yığmaya sizi ilk dəfə kim dəvət edib?

- Məni əsas yığmaya ilk dəfə Robert Prosineçki çağırıb. O zaman “Qarabağ”da az oynayırdım. Daimi olaraq yığmaya isə Qurban müəllim çağırdı. O, millinin məşqçisi olandan sonra orada ya ikinci, ya üçüncü qapıçı idim. Ya Kamran Ağayev zədə alırdı, ya nəsə başqa bir şey baş verirdi, oynayırdım.

- Kamran Ağayevdən söz düşmüşkən, hazırda yığmada məşqçinizdir...

- Kamran Ağayev Azərbaycan futbolunun tarixində ən yaxşı qapıçılardan biridir. İndi onun rəhbərliyi altında millidə oynamaq çox rahatdır, çünki o, özü də yığmada oynayıb, bizim kaprizləri bilir.

- “Qarabağ”ın hansı qapıçısından daha çox öyrənmisiniz?

- Ən çox sabiq qapıçımız İbrahim Şehiçdən öyrənmişəm. Çünki mən gənc olanda, yeni gələndə çox kömək edib. Bu günə qədər mənə çox kömək edir. Biz onunla çox əlaqə qururuq. Mən “Qarabağ”da təzə oynamağa başlayanda tez-tez zəng edirdi, məsləhətlər verirdi. Asmir Beqoviç də var idi. Böyük təcrübədir, çox güclü qapıçıdır. Sən ona baxanda görürsən ki, adam İngiltərədə oynayıb.

- Qurban Qurbanovu necə şərh edərdiniz?

- Qurban müəllim haqqında bilmirəm nə deyim... “Hoca” haqqında nəsə deməyə adamın sözü olmur. Onun barəsində insan kimi çox yaxşı şeylər demək olar, məşqçi kimi isə bizim komandanın nəticələri öz sözünü deyir. Rusiyada oynayan çox tanışım var. Onlar hər zaman soruşurlar ki, necə olur ki, o cür rəqabət olmayan çempionatda bu səviyyədə çıxış edirsiniz?! Cavab verirəm ki, bu “Hoca”nın işidir.  

- Tərəfdarlarınız Konfrans Liqasında  “Qarabağ”dan daha böyük uğur gözləyirdilər...

- Azarkeşlər nə qədər çox istəyirsə, biz onlardan da çox istəyirik. Bu il biz nə qədər işləmişik, nə qədər zədələrimiz olub, nə qədər məşq eləmişik. “Lex”, “Sürix”, “Ferençvaroş”un çıxış etdiyi çempionatlar bizdən qat-qat güclüdür. “Viktoriya”da da biz 2 oyunda güclüydük, sadəcə onlarla bəxtimiz gətirmədi. Gələcəkdə böyümək üçün tək “Qarabağ” böyüməli deyil, bütün Azərbaycan futbolu böyüməlidir, çempionat böyüməlidir. Güclü rəqabət olmalıdır. Görürsüz Kadi, Ovusu getdilər, amma onların yerinə oyunçu gətirmək çox çətindir. Çox adam düşünür ki, Azərbaycana oyunçu gətirmək asandır, pulunu verib, transfer edirsən. Amma heç kəs Azərbaycana gəlmək istəmir. Yarım il avrokuboklarda oynamağa görə gəlmək istəmirlər. Bəs sonra neyləyək? Bu çempionatda oynayaq?

- Bu gün qapıçı səhvlərinin çoxalması nə ilə bağlıdır?

-Hazırda dünya futbolunda qapıçı sadəcə qapıçı deyil. Əvvəllər qapıçı qapıda dayanırdı, topu qaytarırdı və başqa işi yox idi. İndi qapıçı həm hücuma başlamalıdır, həm ayaqlarla oynamalıdır və bu, böyük riskdir. Çünki sənin arxanda heç kəs yoxdur, sonuncusan. Əgər bir səhv eləsən, 90 faiz qol olacaq... Sən bunları istədiyin üçün eləmirsən, sən bunu ona görə edirsən ki, komandaya kömək etməyə çalışırsan. Əgər üzərinə bu məsuliyyəti götürməsən, heç vaxt artmayacaqsan, Tibo Kurtua olmayacaqsan. Əgər o, elə oynamasaydı, heç vaxt “Real”da olmazdı. Alison Bekker elə oynamasaydı, heç vaxt “Liverpul”da olmazdı, Ederson “Mançester Siti”də olmazdı. Əgər onlar qorxsaydılar, heç vaxt bu səviyyəyə yüksələ bilməzdilər.

- Çempionlar Liqasının pley-off mərhələsində “Viktoriya” ilə matçda ciddi səhvə yol verdiniz və böyük müzakirə mövzusu oldu. İndi o epizoda baxanda nə düşünürsünüz?

- Qorxulu yuxu kimidir. “Qarabağ”a gəldiyim ilk gündən mənim qapıçı məşqçim Elxan Həsənovla bunun üzərində çox işləyirdik - Hara çıxmalı deyiləm. “Viktoriya” ilə olan matçdakı səhv mənim üçün dərs oldu. Mən indi fikirləşirəm ki, niyə ora çıxdım? Sadəcə komandaya kömək eləmək istəyirdim. Mən bilirdim ki, onların 2 metr boyu olan hücumçusu var. Əgər məndən soruşsaydılar ki, geriyə qayıdıb yenə də ora çıxardım? Yox, qapıda dayanardım. Bu səhv məni çox incitdi, çünki etməyə də bilərdim.

- Azərbaycan kubokunun finalında etdiyiniz seyvdən sonra şərhçinin “Şahruddin neynirsən sən?” ifadəsi trendə çevrildi. Bu sözü tez-tez eşidirsiniz?

- Bu kəlmə hər yerdə trendə çevrildi. Ola bilər Azərbaycanda bütün insanlar küçədə məni üzdən tanımır, amma adım çəkilir. “Şahruddin” deyəndə, onlar dərhal deyirlər “neyniyirsən sən?” Bu epizodu yaxşı qarşılayırlar. Şərhçi dedi ki, “Şahruddin neyniyirsən sən?” və bu trend oldu. Bilmirəm, nə vaxt bitəcək, amma gələcəkdə daha yaxşı oynamağa çalışacağam ki, bu trend bitməsin.

- Sizdən sonra komanda yoldaşlarınız və kolleqalarınız Amin Ramazanovla Luka Quqeşaşvili “Qarabağ”ın Antalyadakı təlim-məşq toplanışındakı oyunlarda çıxışda səhvlərə yol verdilər və tənqid edildilər. Onların bunu Şahruddin Məhəmmədəliyevdən öyrəndiyi barədə şərhlər daha çox yazılırdı...

- Amin və Lukanın səhvlərinə “Şahruddinin səhvi” desək, doğru olmaz. Mark-Andre ter Ştegen, Tibo Kurtua kimi qapıçılar da səhv edir. Həmişə adımın çəkilməsi düz deyil. Ən rahatı odur ki, 7 metrlik qapıda çərçivəni qoruyasan. Onda heç kəs deməyəcək ki, ora çıxdın, bura çıxdın. Biz komandayıq, onlara kömək etmək üçün oradayam. Özümü düşünməmişəm heç zaman, həmişə komandanı fikirləşmişəm.

- Prezident İlham Əliyev “Qarabağ” klubunu qəbul edərkən sizinlə danışdı. Həmin vaxt ölkə başçısı sizə nə dedi?

- Görüşdə Prezident İlham Əliyev hər kəslə salamlaşırdı. Ölkə başçısı bizim haqqımızda çox şey bilir. Hətta oyundakı anlardan danışanda biz hamımız çox təəcüblənirdik. Görünür ki, dövlət başçısı bizə görə narahatdır və futbolu izləyir. Mənə dedi ki, “sən çox cəsur qapıçısan, çox ürəklə qapıdan kənara çıxırsan”. Və əlbəttə ki, əgər ölkə Prezidenti sənə baxırsa, bu, daha çox işləməyə motivasiya verir. Həmin gün Prezidentin mənim haqqımda xoş sözlər deməsi güclü olmaq üçün motivasiya verdi. Hər il daha da güclü olacağam.

- Bir neçə müddət əvvəl instaqram hesabında Almaniya millisinin fotosunu paylaşaraq üzərinə xoruz fotosu yerləşdirmişdiniz. Məqsəd nə idi?

- Bilirsiz, belə bir deyim var: “Hər kəs öz tərbiyəsinə uyğun düşünür”. O postu edəndə gərək xoruz şəkli qoymazdım, söz yazardım. Unutdum ki, Azərbaycanda “xoruz” sözü tək heyvanla əlaqəli deyil. Hətta bunu LGBT səhifələri də paylaşmışdı. Elə ilk olaraq onlar paylaşım etdilər. Məhz bundan sonra saytlar xəbər yazmağa başladı.

- Kumiriniz kimdir?

- Canluici Buffon.

0