Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın bu gün keçirəcəyi oyunla əlaqədar "Bakı Metropoliteni" QSC-nin iş rejimində dəyişikliklər ediləcək.
Apasport.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş ərəfəsində yaxınlıqda yerləşən "Gənclik" stansiyası metronun kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, gücləndirilmiş iş rejimi şəraitində fəaliyyət göstərəcək.
Qarşılaşmaya maraq, həmçinin sərnişinlərin təhlükəsiz və rahat daşınması nəzərə alınaraq, stansiyada nəzarət mexanizmləri gücləndiriləcək. Bu məqsədlə növbətçilik cədvəli tərtib olunmaqla əlavə işçi qüvvəsi ayrılacaq. Stansiyada sərnişinlərin səmti daha rahat müəyyən etməsi, xüsusən matçdan sonra yönləndirilməsi əsas vəzifə olacaq. Ehtiyat tədbirlər "Nərimanov" və "28 May" stansiyalarında da görüləcək.
Qatarlar gün ərzində yay qrafikinin iş günləri cədvəli əsasında hərəkət edəcək. Zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq. Lakin qarşılaşma başa çatandan sonra qatarların hərəkəti "Gənclik" stansiyasının iş rejimi nəzərə alınmaqla xüsusi qaydada tənzimlənəcək.