Qismət Alıyev: "Araz-Naxçıvan" və "Turan Tovuz"un ilk "3-lük"də olması təsadüf deyil"
22.12.2024 - 14:47
Qismət Alıyev: "Araz-Naxçıvan" və "Turan Tovuz"un ilk "3-lük"də olması təsadüf deyil"

“Zirə”nin kapitanı Qismət Alıyev apasport.az saytına müsahibə verib.

- "Zirə" ili qələbə ilə başa vurdu. Komanda “Səbail”lə görüşdə qalib gəlməyi bacardı. Həmin görüşdəki qələbəni necə şərh edərdin? 
- İlin son oyunundan qələbə ilə istirahətə yollanmaq daha xoş olur. Cavid Hüseynov gəldikdən sonra "Səbail"də oyun planında dəyişikliklər var idi. Bizdən öncəki oyunlarında da qələbə yaxın idilər. Sadəcə xal itirmişdilər. Bizimlə oyunda qələbə qazansaydılar, sonuncu pillədən qurtulacaqdılar. Öz oyunumuza gəldikdə, istədiklərimizi alındıra bilirdik. Sadəcə həm meydan amili özünü göstərdi, həm də "Səbail" yaxşı qapanmışdı. Qarşıdakı fasilə zamanı çempionatın ilk yarısındakı səhvləri aradan qaldırmağa vaxt yaranacaq. 

- Hazırda vəziyyətin necədir? Zədədən sonra oynamırsan... 
- "Sabah"la oyundan aldığım zədənin bu qədər uzun çəkəcəyini fikirləşməzdim. Müalicə aldım. Sonra da yenidən meydana çıxdım. Ancaq eyni zədə aldığım yerdən ağrımağa başladım. Yenə də müalicə gedir. Təbii ki, komandaya kömək olmaq üçün tam hazır olmağa çalışıram. 

- “Zirə” sezonun ilk yarısını 4-cü pillədə başa vurdu. Bu nəticə sizi razı saldı, yoxsa ən azından ilk üçlükdə olmağı planlayırdınız?
- Fikrimcə, ildən-ilə çempionatımız daha da çətinləşir. Mövsümün ilk yarısını 4-cü pillədə başa vurduq. Bundan yaxşısını da edə bilərdik. Mövsümün əvvəlinə istədiyimiz kimi başlamışdıq. Komandaya yeni qoşulanlar gəldiklərində zədə problemi var idi. Vaxt keçdikcə komanda daha da optimal formasını yığdı. Mövsümün ikinci yarısına daha da yaxşı qayıdacağıq.

- Bəs, ümumilikdə “Zirə” üçün mövsümün yarısını necə dəyərləndirirsən? Komanda sezona lap tez - avrokuboklardan başlamışdı. Bu, komandanın daxili liqada daha yaxşı çıxış etməsinə kömək oldu, yoxsa fiziki baxımdan problem yaratdı?
- Komanda bu il həm Avropa Liqasında, həm də Konfrans Liqasında oynadı. Komandamızın inkişafı üçün böyük təcrübə oldu. Bizim üçün orada iştirak etmək, həmçinin də həmin turnirdə qələbələr qazandıqca Azərbaycan adına reytinq qazanmaq sevindirici idi. Hər il "Qarabağ" belə oyunlarda ölkəmiz adına xallar qazandırırdı. Pley-off mərhələsinə qədər getməyi komanda üçün uğur hesab etmək olar. Həmin oyunlar artıq geridə qalıb. Həmin yarışlara getmək üçün o yol çempionatdan keçir. Biz də yenidən beynəlxalq yarışlarda iştirak etmək istəyirik. Düşünmürəm ki, yorğunçuluq olsun. Həmin oyunlarda baş məşqçimiz rotasiyalar edirdi. 

- “Zirə” avrokuboklara qələbə ilə başladı, qələbə ilə də başa vurdu. “Şerif” qələbəsindən “Omoniya” qələbəsinə qədər olan macəra necə alındı sizin üçün? Səncə, yeni sezon avrokuboklara düşəcəyiniz təqdirdə, ən azından yenidən pley-off mərhələsinə qədər gələ bilərsiz? Artıq daha təcrübəlisiniz...

- Püşkatmada bəxtimizə "Şerif" düşdü. Bilirdik ki, rəqib neçə illədir avrokuboklarda oynayır, böyük təcrübəyə malikdir. Heyəti legionerlərdən təşkil olunmuşdu. İlk oyunda çətin də olsa, qələbə qazandıq. Cavab görüşünə də çox yaxşı başlamışdıq. İlk dəqiqələrdə qol vurduq, hesabı artıq 2:0 etmişdik. Sadəcə belə matçlarda 10 nəfərlə qalmaq çox çətin olur. Oyun əlavə vaxta getsə də, məğlub olduq. Komanda şəklində həmin oyunu unudub, toparlandıq və Konfrans Liqasına hazırlaşdıq. Həm "DAK Dunaysk Streda", həm də "Osiyek"lə görüşlərdə üstün futbol oynayaraq pley-off mərhələsinə çıxdıq. "Omoniya"nın isə heyətində çox təcrübəli, oyunun gedişatını hər an dəyişə biləcək güclü futbolçular var idi. İlk oyunda komandamız fərdi səhvlərdən istəmədiyimiz qollar buraxdı. Hesab istəmədiyimiz yerə gəlib çıxdı. Cavab görüşünü isə ən azından öz meydançamızda qalib başa vurmaq istəyirdik. 1:0 qalib gəlsək də, turu "Omoniya" keçdi. Bu da bizim üçün böyük təcrübə idi. Bizimlə bir yerdə olan həm azarkeşlərimiz, həm bizi sevən adamları ən azından sevindirə bildiksə, bu da bizim üçün böyük qürurdur. 

- Ötən mövsümü “Zirə” ikinci pillədə başa vurmuşdu. Bu mövsüm isə “Qarabağ”dan sonrakı pillələri “Araz-Naxçıvan” və “Turan-Tovuz” tutub. Çoxları üçün əslində, ilk üçlükdəki bu iki komanda gözlənilməz idi. Bəs sizin özünüz üçün necə? Bu mövsüm ötən sezondan daha çətin alınır?
- Məncə, çempionatımız ildən-ilə çətinləşir. Artıq sonuncu yeri tutan komanda elitanı tərk edir. Elə oyun yoxdur ki, hansısa rəqib asanlıqla qələbə qazansın. "Araz-Naxçıvan", "Turan Tovuz"... Heyətlərinə baxanda, məncə, o yerdə olmaları təsadüf deyil. Sadəcə birinci dövrəyə xallarını qazanıb, uğurlu olublar. Çempionatın daha ağır dövrəsi gəlir. Biz də birinci mərhələdəki səhvlərimizi qaldırıb istədiyimiz yerə çatarıq.

- Səncə, bu mövsüm yeni çempion görə bilərik, yoxsa “Qarabağ” yenə hamıdan bir addım öndədir?
- "Qarabağ"ın gücünü hamımız bilirik. Bütün komandalarımız üçün çempionluğa oynamaq bir az çətindir. İndidən kimin çmepion olacağını demək də doğru olmazdı. Qarşıda hələ ikinci yarı var.

- “Zirə”nin kapitanı olaraq sənə Avropadan və ya liqanın iddialılarından təklif gəlibmi? Təkliflər almısan, yoxsa uzun illər “Zirə”də oynamaq istəyirsən?
- "Zirə"də xoşbəxtəm. Komanda üçün ən yaxşısını etməyə çalışıram. Avropa komandalarından təklif olarsa, dəyərləndirmək lazımdır. İndi isə fikrim ancaq "Zirə"dədir. Bura fokuslanmışam.

0