 
                    “Sabah”ın sabiq baş məşqçisi, “Neftçi”nin keçmiş müdafiəçisi Ramin Quliyev Apasport.az saytına müsahibə verib.
- “Neftçi” ölkə kubokunda ikinci təsnifat mərhələsində MOİK-ə 6:2 hesabı ilə qalib gəldi, amma komanda gedişatda rahat oyunu çətinləşdirmişdi. 1/8 finalda rəqibləri də "Zirə"dir. "Neftçi"nin kubokdakı çıxışını və şansını necə dəyərləndirirsən?
- Hər bir halda, aşağı liqa komandalarına qarşı oyunlar futbolçularda rahatlıq yaradır. “Neftçi”nin buraxdığı iki qoldan sonra hiss olundu ki, artıq daha da diqqətli oynamağa başladılar. Sonradan da qollar vurdular. “Zirə” ilə görüş sözsüz ki, çətin keçəcək. Şanslar 50/50-dir, hər iki klub kubokda iddialıdır. Çünki 4-5 oyun səni avrokuboklara aparır. 
- Samir Abasov ötən mövsümdən bu yana klubun baş məşqçisidir. O, yayda heyəti demək olar ki, tam dəyişdi və komandaya yeni oyunçular cəlb edildi. Demək olar ki, tam olaraq onun istədiyi heyətdir. Artıq ondan "Neftçi"ni çempion etməsini gözləmək olar?
- Bəli, komanda yenilənib və istədiyi oyunçuları gətirib. Amma bu o demək deyil ki, heyət tam formalaşıb. Buna vaxt lazımdır və Samir Abasova inanıb, vaxt vermək lazımdır. Onda alınacaq.
- “Neftçi”nin çempionluq şansını necə görürsən? Səncə, Bakı təmsilçisinə çempion olmaq üçün nə lazımdır? 
- Hələ bilmək olmaz. Çünki turnir cədvəlində xal fərqləri o qədər də böyük deyil. Sadəcə “ağ-qaralar”a yaxın turlarda maksimum xal toplamaq lazımdır ki, liderlər qrupuna yüksəlsin. “Neftçi” çempion ola bilər. Sadəcə tez toparlanmalıdırlar.
- “Neftçi"nin Vensan Abubakar transferini necə dəyərləndirirsən? Onun gəlişi komandaya xüsusi motivasiya verib səncə?
- Abubakarın gəlişi ilə “Neftçi”nin hücum xəttində böyük irəliləyiş olacaq. Bu dəqiqdir. Amma düşən imkanları dəyərləndirmək lazımdır. Vensan Abubakar bunun öhdəsindən gələcək. 
- Sabiq komandan “Sabah”ın performansını necə dəyərləndirirsən? Səncə, onlar bu mövsüm çempionluq mübarizəsində yer alacaqlar, yoxsa çətin görünür?
- “Sabah” da həmin yerlər uğrunda mübarizə aparacaq. Əsas odur ki, qış fasiləsinə kimi o mübarizədən qopmasınlar. Çünki komandanın çatışmazlıqlarını həmin dönəmdə doldurmaq olur. Əsas rəqabət qışdan sonra başlayacaq, hər xalın qızıl olma dönəmini nəzərdə tuturam.
- Ümumiyyətlə, Valdas Dambrauskasın komandası əvvəlki məşqçilərin zamanında olan "Sabah"dan çox fərqlənir?
- Hər məşqçinin öz oyun üslubu var və bu məşqçinin də özünə xas olan maraqlı oyun üslubu var. Hamısı fərqlidi.
 
             
                     
                     
                                                                                                 
                                             
                                             
                                            