![Qurban Qurbanov: “Buradan gedən futbolçuların 80 faizinin getməsini istəməmişəm”](https://ww3.apasport.az/storage/news/2025/february/06/big/67a4f157e260067a4f157e2601173886293567a4f157e25fe67a4f157e25ff.jpeg)
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Səbail" - "Qarabağ" matçından (0:1) sonra qonaqların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.
"Bu gün çox yaxşı komandaya qalib gəldik. İkinci hissədəki dəyişikliklərlə oyunun sürətini artırdılar. Həm topla, həm də topsuz meydanda çox düzgün davrandılar. Futbolçularımı təbrik edirəm, çox istəkli idilər. Hələ ilk oyundur. Cavab görüşü daha da gərgin keçə bilər".
- Kadi Borgesin transferi məcburiyyətdən atılan addım idi?
- Yox. Əlimizdə belə bir şans oldu, biz də istifadə etdik. Son gündə danışıqlar getdi. Ondan əvvəl Julio Romaoya bir neçə dəfə təklif gəlmişdi. "Ferentsvaroş" danışıq əsnasında belə bir variant dedi, biz də razılaşdıq. Lazımlı oyunçudur, komandamıza gəlməsi bizim üçün xoşdur.
- Yay üçün transfer planlarınız var?
- Əlbəttə var. Transferlər etməyi düşünürük.
- Kadinin gəlişindən sonra Aleksey Kaşuk ehtiyatda qalacaq?
- Hansısa futbolçunun ehtiyata düşəcəyini deyə bilmərəm. Kadi fərqli mövqelərdə oynamağı bacarır. Onun hazırlığına əsasən qərar verəcəyik. Təki əlimizdə sağlam futbolçular olsun.
- Keçmiş oyunçularınızı yenidən qaytardığınıza görə bəzən qınanırsız. Bu tendensiya nədən irəli gəlir?
- Qınanmağıma heç bir reaksiya vermirəm. Hər insan öz fikrində azaddır. Buradan gedən futbolçuların 80 faizinin getməsini istəməmişəm. Klubun gəlirlərini düşünərək bəzilərinin qarşısını kəsmirik. Geri dönmələrinə gəldikdə, onlar zatən bizim güvəndiyimiz futbolçulardır. Onların geri dönmək şansı olanda komandaya uyğunlaşdırmaq mənim üçün asan olur.
- İcraiyyə Komitəsinin iclaslarında darıxmırsız?
- Yox, niyə ki? Çox aktiv müzakirələr gedir orada.
- Premyer Liqada komanda sayının artırılmasına münasibətiniz necədir?
- Müsbət haldır. Hansı komanda gələcəksə, həmin bölgələrdə futbola maraq artacaq. Bəlkə də yeni futbolçular üzə çıxacaq. Komanda sayının artmasının hansı keyfiyyəti verəcəyini hazırda deyə bilmərəm. Amma gələcək üçün faydası olacaq.
- Belə iddialar var ki, Premyer Liqanın sonuncusu ilə I Liqada 3-cü yeri tutan komanda arasında pley-off oyunu olacaq. Sizcə, bu, ədalətlidir?
- Bu məsələ İcraiyyə Komitəsinin növbəti iclasında müzakirə olunacaq. Ondan sonra tam dəqiq deyə bilərəm. 4-5 variant var idisə, onlardan biri bu idi. İndidən bilsələr ki, sonuncu yeri tutan komanda Premyer Liqada qalacaq, hansısa futbolçuda, məşqçidə arxayınlıq yarada bilər. Sonuncu yeri tutan komanda aşağı liqanın 3-cüsü ilə pley-off oynasa, daha maraqlı, ədalətli olar.
- Düşünmürsünüz ki, ən ədalətlisi Premyer Liqada sonuncu yeri tutan komandanın aşağı düşməsidir?
- Birdən-birə I Liqadan 3 komanda gəlsə, bilmirəm necə olar.
- 12 komanda 4 dövrə oynasa, 44 oyun edir. Bu, çox deyil?
- 4 dövrə müzakirə olunmadı. Ya 3 dövrə olacaq, ya da altılıq sistemi. Bir neçə variant müzakirə olunacaq. Minimum 33 oyun olacaq.
- Azərbaycan kuboku: “Qarabağ”dan minimalhesablı qələbə - YENİLƏNİB
- Elmar Baxşıyev: "Bizim nəsə deməyimiz heç nəyi dəyişməyəcək"
- Rəşad Sadıqov: "Bir neçə oyunçumuza təkliflər var"
- Azərbaycan Kuboku: "Araz-Naxçıvan" "Zirə"ni minimal hesabla məğlub etdi - YENİLƏNİB
- Vüsal İsgəndərli ilk qolunu "Qalatasaray"a vurdu - VİDEO