
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Şkendiya" matçından öncə ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, mütəxəssis oyunla bağlı jurnalistlərin suallarını cavablandırıb:
“Çox vacib oyundur. Çünki rəqib də çox iddialıdır. Əvvəlki oyunlarla bağlı da demişdim ki, onlar iddialıdır və döyüşkəndirlər. Buna görə sabah çox güc sərf edə bilərik. Pis hazırlaşmamışıq. Çox intizamlı oynamağa çalışmalıyıq. Futbolçularla danışmışıq. Yaxşı, maraqlı oyun olacaq. Hər iki komanda ilk oyunun nəticəsinə görə qalib gəlməyə layiqdir. Bizim az da olsa üstünlüyümüz var, irəlidəyik. Çox ciddi 90 dəqiqə keçirməliyik”.
- "Şkendiya" haqda nə düşünürsüz?
- Eyni düşüncədə oldum, oyundan öncə də, sonra da. Əvvəl də demişdim ki. FKSB ilə iki oyunda qalib gələn komandadır. Hamı düşünürdü ki, FKSB qalib gələcək, amma "Şkendiya" qələbə qazandı. Öz döyüşkənliyi və xarakteri ilə bunu bacardılar. Meydanda da şahid olduq. Təəssüratlarım eyni oldu. Sabah çox mobil komanda olmalıyıq. Bərk durmağı bacarmalıyıq.
- Kadi Borgesin ilk oyundakı intizamsız oyununu, qeyri-peşəkar davranışlarının səbəbi nədir? İstəkli olması idi, yoxsa həmin oyunda təzyiqdən əmələ gələn bir şey idi?
- Bəlkə daha ağır sözlər işlətdin. Həm intizamsız, həm istəksiz...Amma əslində, belə deyil. Futbolçularımın hamısı son vaxtlarda həm məşqdə, həm oyunlarda istəkli, intizamlıdırlar. Kadi daha çox texnikalı oyunçudur. Top itkiləri bəlkə az olmağını fikirləşirsiz. Ancaq rəqibi də nəzərə almaq lazımdır. Son vaxtlarda Avropa futbolunda rəqiblərə baxsaq, top itkiləri çoxalıb. Futbol fərqli olmağa başlayıb. Kadiyə verilən tapşırıq var idi. Topsuz oyunda, müdafiə planında, bəzi hücumların qurulmasında taktiki düzgün yerinə yetirirdi. Texniki səhvlər qaçılmazdır, həmişə olacaq. Kadinin daha yaxşı olmaq potensialı var.
- Emmanuel Addainin rejimi müzakirə olundu ki, qeyri-stabil rejimdədir, qidasına fikir vermir...
- “Hər bir futbolçunun çatışmayan cəhətləri olur. Addai komandamıza gəldiyi vaxtdan indiyə qədər işinə yanaşmada çox dəyişib. İnsan orqanizmi fərqlidir. O, fərqli bir rejimdən Azərbaycan mətbəxinə düşüb. Bizim yeməklər həqiqətən çox dadlıdır və o da bu yeməklərə həvəsli olur. Kiçik cərimələr də etmişik (gülür). Amma son vaxtlar hər şey qaydasındadır. Özüm də bu yolu keçmişəm. İnsanın iştahı artanda yaxşı yeməklər yemək istəyir. Dəyişiklik çox olub, ciddi problem deyil. Çox şey yaxşılığa doğru gedir”.
- "Spartak"la adınız hallanırdı. Nə dərəcəd doğrudur?
- Xeyr, təklif olmayıb.
- "Şkendiya" ilə matçda hansı mövqeyin çıxışı sizi qane etmirdi?
- Çox açıqlamağa ehtiyac yoxdur. Sadəcə bir az daha səliqəli oynasaydıq, daha yaxşı olardı. Sadə top itkiləri yaşadıq. Bəzi oyunçular elə top itkilərinə yol verdilər ki, bunu adətən çox nadir hallarda edirlər. Bu halları azaltmağı futbolçulara bildirmişik.
- İlk matçda Mateuş Koxalskinin seyvləri ilə diqqət çəkdi. Sabah da polşalı olacaq qapıda?
- Oynamaq ehtimalı çoxdur. Hər bir halda, bəzi dəyişikliklər etmişik.
- Tahir Gözəl açıqlamışdı ki, hücum xətti gücləndiriləcək. Andre Klovisin komandaya gələcəyi gözlənilir. Onu komandada görəcəyik?
- Çox futbolçu var ki, transfer siyahımızdadır. Onlardan biri də Klovisdir. Hamısı baxılır, müzakirə olunur. Bu gün desək ki, sabah onu gətiririk. Belə məlumat yoxdur. Danışıq gedən futbolçular çoxdur.
- "Ludoqorets"in çıxmağınızı istəyərdiz? Çünki onların heyəti çox da dəyişilməyib..
- Qalib gəlsək də, uduzsaq da, onlarla qarşılaşacağıq. Püşk belədir. Hansını istədiyimizi demək düzgün olmaz. Üzərimizə düşən, sabahkı oyuna köklənməkdir.
- Joni Montielin durumu necədir?
- Hazırlıq durumu yaxşı deyil, bir az vaxta ehtiyacı var. Universal futbolçudur – əsasən mərkəzdə oynayır, amma sağ hücumçu kimi də çıxış edə bilir. Sadəcə tam hazır olması üçün müəyyən vaxt lazımdır. Rotasiyaları çox edirəm, bu oyunçunun da tam bərpa olması üçün bir neçə oyun tələb olunacaq. Orta və sağ cinahda ehtiyac olduqda istifadə edə bilərik.
- Pley-off matçlarına qədər hücumçu məsələsini həll edəcəksiz, yoxsa bu heyətlə davam edəcəksiz?
- Daim təkrar olunan bir mövzudur. Elə bir mövqedir ki, transfer siyasətinə uyğun olaraq bazarda hazır oyunçu tapmaq çətindir. Sadəcə pulu verib gətirmək olmur. Nə qədər hücumçu transfer etmişiksə, bir o qədər də yanılmamışıq. Bizim hücumçularımızı başqa klublar da transfer edir. Yaxşı oyunçu gətirməyin həm üstün tərəfi var, həm də bizə mənfi təsir edən tərəfi. Oyunçu 3-5 yaxşı oyun keçirir, dərhal təkliflər başlayır və biz onu itiririk. Onu komandadan gedəndə itirmirik, amma bizdə olanda itirmiş kimi oluruq. Hansısa kluba “yox” cavabı verdikdə isə futbolçunun əhvalı korlanır. Hücumçuları alıb sonra satmışıq – Dino Ndolovu, İbrahima Vadjini, Juninyonu, Mahir Emrelini. Həm yaxşı tərəfi var, həm də kollektivin formalaşmasına mane olur. Oyun üslubunu qurursan, amma birdən-birə oyunçunun motivasiyası düşür, problemlər başlayır. Biz yalnız hücumçu deyil, həm orta sahə, həm sol və sağ hücumçu, həm də müdafiə üçün oyunçu axtarırıq. Tək bir hücumçu götürməklə dayanmayacağıq. Elə addım atmaq istəyirik ki, həm oyunçu, həm də klub üçün tam faydalı olsun. İşimizin effektivliyi yüksək olmalıdır. Təzyiqlər çoxdur, hamı hücumçu gözləyir. İllərdir hər mövsüm bu mövzunun müzakirəsini görürük. Son vaxtlar Klovis haqqında çox məlumat yayılır. Amma tək bir oyunçunu yox, kollektivi və gedişatı düşünürük. Kənardan çox rahat görünə bilər, amma işin içində nəzərə alınmalı detallar var. Burada işləməyimizin məqsədi azarkeşləri sevindirməkdir. Futbolçularıma da deyirəm ki, illərdir lider olmaq istəyirik və liderlər sırasındayıq. Hər komanda bunu saxlaya bilmir. Çempion olub sonrakı mövsümdə 13-14-cü yerdə olan çox klub var. Böyük beşlikdə də belə hallar yaşanır. Ronaldo getdi, ikinci Ronaldo nə vaxt tapılar? Və ya Messi? Lider olmaq çətindir, onu qoruyub saxlamaq isə daha da çətindir. Minimum əlimizdə olanı qoruyub-saxlamalıyıq ki, oyun sistemimiz pozulmasın, nəticələrimiz ən azı olduğu kimi qalsın. Kreativ oyunçu axtarışına daha çox vaxt ayırmışıq. Juninyo xarakterli idi, amma İspaniyadan və Braziliyadan təklif gəldi və onu itirdik. Azarkeşlərimiz narahat olmasın, çalışırıq ki, bütün detallara fikir verərək doğru oyunçunu götürək. Elə nüanslar var ki, bəzən bir-birimizə mane olur. Axtarışdayıq və transfer pəncərəsinin son gününə qədər işimizi davam etdirəcəyik. 1-2 oyunçu gətirsək də, axtarış bitməyəcək.
- Muarem Muaremlə görüşünüz necə keçdi?
- Kökəlmişdi. Qəlbimizdə böyük yeri var. Eləcə də bütün futbolçuların. Sizin bilmədiyiniz şeylər çoxdur. Kollektivdə hansı ürəklə çalışırlar, bu adı başa düşərək qəbul edib, nə cür hazırlaşırlar. Ona da dedim ki, bir az kökəlmisən.