Qurban Qurbanov: Futbolçu deyir ki, mənə yaxşı təklif var. Gedim, yoxsa qalım?
10.02.2026 - 17:21
Qurban Qurbanov: Futbolçu deyir ki, mənə yaxşı təklif var. Gedim, yoxsa qalım?

Misli Premyer Liqasının XIX turunda "Şamaxı" "Qarabağ"ı qəbul edib - 1:2.

Apasport.az xəbər verir ki, matçdan sonra qonaqların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

"Azarkeşlərimizə təşəkkür edirəm. İki oyundur hava şəraitinə baxmayaraq komandanı tək buraxmırlar. Futbolçularımı təbrik edirəm. Çox vacib üç xal idi. Oyunda xarakter və mübarizə çox vacib idi. İlk hissədə "Şamaxı" bizdən daha aqressiv təsir bağışladı. Bizdə aqressiya çatışmırdı. İkinci hissədə futbolçularım oyuna nəzarəti ələ ala bildilər. Meydançanın şəraitinə baxmayaraq bunu bacardıq. Son saniyələrdə topa nəzarət olunaraq qol vuruldu. Yaxşı oyuna görə rəqibi də təbrik edirəm. Qarşıdakı oyunlara hazırlaşacağıq". 

- Belə başa düşülür ki, "İmişli" ilə matçda da meydana əsas heyəti buraxacaqsınız...
- Bu heyət ötən matçda oynamamışdı. Kubok oyununda istirahətə ehtiyacları var idi. Dəyişikliklər qaçılmazdır. Yəqin ki, rotasiyalar edəcəyik. Çünki həm Kadi qayıdıb, həm digər bölgələrdə dəyişiklik etmək istəyirik. Bəzi futbolçulardan narazılığım var. İstədiyim performansı göstərə bilmirlər. Belə bir şəraitdə öz keyfiyyətini göstərmək heç də asan deyil. Bəzi nüanslar var ki, ən azından onu düzgün eləməyi bacarmalıdırlar. Qarşıda bir neçə günümüz. Rəqibin də oyununa baxandan sonra matçın gedişatında dəyişikliklər edə bilərik. Hər komanda bizə fərqli yanaşır. Bəziləri müdafiədən oynayır, bəziləri pressinq edir. İnanıram ki, doğrusunu edəcəyik.

- Sizcə, Nəriman Axundzadənin transferi sağlam ayrılıqdır?
- Danışıqlar ciddi gedir. Sona yaxınlaşırıq. Qərar tam verilməyib. Bu gün də oyundan sonra bir futbolçu yaxınlaşıb deyir ki, mənə yaxşı təklif var. Getməyimi istəyirsiz, yoxsa qalmağımı? Bir az sakitləşməyə çalışırıq. Yenə belə xəbərlər gəlir. Xoşagəlməz deməzdim, futbolçunu da başa düşmək lazımdır. Sadəcə təkliflər elə yerlərdən gəlir ki, yalnız pula görə oraya getmək olar. Bunlara yox da demək olmur. Çalışırıq ki, onları oyunlara yaxşı hazırlayaq.

- Tahir Gözel Azərbaycan Televiziyasına açıqlamasında matçın təxirə salınması üçün "Neftçi"dən xahiş etdi. Bu müraciətə cavab gəldi?
- Bu rəhbərlik səviyyəsində olub. Tahir Gözelle bu barədə söhbət etməmişik. 

- "İmişli" ilə matçın keçiriləcəyi Quba şəhər stadionunun ot örtüyü bərbaddır. İlk dövrədə həmin oyunun keçiriləcəyi meydanın dəyişdirilməsi üçün müraciət etmişdiniz. Yenə belə bir fikriniz var?
- Yəqin ki, daha razılaşmazlar (gülür). İlk dəfə üçün sağ olsunlar, qəbul etdilər. Yenə Bakıda oynasaydıq, yaxşı olardı. Amma söz-söhbətlər böyüyür, böyük ehtimalla Qubaya gedəcəyik.

- Bəhlul Mustafazadənin Çinə getməməsində sizin nə dərəcədə rolunuz oldu?
- Orada bir neçə detallar oldu. Onun özü ilə danışıb, razılaşmışdım. Mən Bəhlulun tərəfində idim. Bəzi detallar var ki, dərinliyə getmək lazım deyil.

- Nəriman Axundzadənin ayrılığı əsas heyətdən oyunçu itirməyiniz deməkdir?
- Belə bir oyunçunun komandadan getməsi ürəkaçan deyil. Nərimanın son zamanlardakı məlum məsələlərə görə getməsi lazım idi. Adam özündə deyildi. Hər gün fərqli fikirdə olurdu. Yəqin ki, nəsə oxuyub gəlirdi, qarşısına nəsə çıxırdı. Amma Nəriman bizim komandanın ən məhsuldar oyunçusudur. Transfer tam razılaşdırılsa, onun toparlanması üçün bu lazımdır. Ona görə belə bir addım atdıq. Belə sıx qrafikdə ona ehtiyacımız var idi. Transfer pəncərəsinin son günüdür. Təki alınsın, onun üçün yaxşı olsun. Son iki ildə böyümək üçün çox əziyyət çəkib. Komandaya çox faydası oldu. Ümid edirəm ki, daha yaxşı Nəriman görə biləcəyik.

- Son iki matçda Montiel çox aqressiv görünür. Onunla bu barədə söhbətləşmisiniz?
- Deməzdim ki, o qədər konfliktə getdi. Oyun epizodlarıdır. Ona qarşı çox aqressiv oynayırlar. Bu səbəbdən hakimə narazılıq edir. Orada elə detallar var ki, biz görmürük. Ola bilər ki, nəsə söz deyirlər, ayağını tapdalayırlar. O da insandır, öz narazılığını bildirir. Düşünmürəm ki, bunu çox qabarıq şəkildə bildirir. Belə oyunlarda aqressivlik lazımdır.