Rahid Əmirquliyev: "Milli ruh, istək görünmür"
10.06.2025 - 13:42
Rahid Əmirquliyev: "Milli ruh, istək görünmür"

"Latviya bizim millinin dişinə görə rəqib idi. Qalib gələ bilərdik".

Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq üzvü Rahid Əmirquliyev deyib.

Yarımmüdafiəçi yığmanın son zamanlardakı performansını dəyərləndirib: "Millimiz çoxdandır ki, qələbə qazana bilmir. Bilmirəm bu nə ilə əlaqədardır. Üzücü vəziyyətdəyik. Bəlkə də, çoxdan oyun uda bilmirlər deyə, futbolçuların üzərində əlavə təzyiq var. Sanki milli ruh, istək görünmür. Yenə deyirəm, bəlkə futbolçuların üzərində təzyiq var. Fernandu Santuş gələndən bu yana milliyə hansısa xeyrini görməmişəm. Bundan sonra necə olacaq, onu da bilmirəm. Millimizdə hər zaman yerli məşqçinin olmasını dəstəkləmişəm. O məşqçiyə də şans və vaxt versinlər. Yığmada yerli baş məşqçi olsaydı, bundan yaxşı olacaqdı ki, pis olmayacaqdı. Xarici məşqçilər dəyişməkdənsə, yerli çalışdırıcı gətirib, ona şans vermək lazımdır".

Milli komandamızda kapitan sarğısı da daşımış Əmiruqliyevin fikrincə, yığma komandamızın durumu bundan daha pis olmayacaq: "Millimizin oyunu və nəticələri heç ürəkaçan deyil. Get-gedə arxaya gedirik. Halbuki biz inkişaf etməli, irəliyə getməliyik. Bundan artıq hara gedə bilərik axı? Millətlər Liqasında da sonuncu diviziondayıq - D Liqasında. Ondan o tərəfi də yoxdur. İnanıram ki, yaxın vaxtlarda nəsə düzələcək, irəliləyiş olacaq. Amma hələ ki heç nə ürəkaçan deyil. Bu gün Macarıstana qarşı oynayacağıq. Latviya ilə səfərdə oynayırdılar, macarları Bakıda qəbul edəcəyik. İnanıram ki, Azərbaycan bu matçda yaxşı nəticə qazanacaq. Buna inanmaq nə qədər çətin olsa da, evdə oynadığımız üçün şans görünür. Ona görə də, uşaqlar ən azından meydana çıxıb əllərindən gələni edəcəklər. Şəxsən mən inanıram ki, millimiz Macarıstanla görüşdə uğurlu nəticə qazanacaq".

Qeyd edək ki, Azərbaycan - Macarıstan matçı bu gün saat 20:00-da start götürəcək.