Rahid Əmirquliyev: "Qarabağ" göstərdiyi oyunla ÇL-də yer alacağına bizi ümidləndirir"
12.08.2025 - 16:54
Rahid Əmirquliyev: "Qarabağ" göstərdiyi oyunla ÇL-də yer alacağına bizi ümidləndirir"

"Qarabağ"ın sabiq futbolçusu Rahid Əmirquliyev Apasport.az saytına müsahibə verib.

- "Qarabağ"ın “Şkendiya” ilə ilk matçında qələbə qazanacağına inanırdın? “Qarabağ”dan gözlədiyin performansı gördün?
- "Şkendiya" zəif komanda deyil. Amma "Qarabağ"ın qələbəsinə inanırdım. Əmin idim ki, çempionumuz Bakıya sərfəli nəticə ilə qayıdacaq. Şükürlər olsun ki, belə oldu. Ola bilər ki, "Qarabağ" tam formada deyil. Bu da normal haldır. Mövsüm yeni başlayır. Getdikcə bundan da yaxşı olacaq. Amma "Şkendiya" ilə ilk matçda göstərdi ki, rəqibindən güclüdür. Üstün oynayaraq, yaxşı nəticə əldə etdilər.

- Səncə, səfərdəki 0:1 hesablı qələbə evdəki oyunöncəsi “Qarabağ”ı pley-off mərhələsinə nə qədər yaxınlaşdırır?
- Səfərdə 1:0 qalib gəlmək yaxşı nəticədir. Amma əlbəttə ki, bu, komandanı tam arxayınlaşdırmamalıdır. Çünki 1:0 böyük üstünlük deyil. Lakin inanmıram ki, "Qarabağ"da belə arxayınçılıq olsun. Lazım olan səviyyədə hazırlaşdıqlarına əminəm. 

- "Şelburn"la oyunlarla müqayisədə “Qarabağ” səncə daha yaxşı təsir bağışladı, artım göstərdi, yoxsa oyunda hər hansı irəliləyiş görmədin?
- Mövsüm hələ yeni başlayıb. “Şelburn”la ilk oyunla müqayisədə “Qarabağ” bir qədər yaxşı təsir bağışladı. Qeyd etmək lazımdır ki, “Şkendiya” İrlandiya klubundan daha güclü komandadır. Buna baxmayaraq, “Qarabağ” çox yaxşı oyun sərgilədi. Düşünürəm ki, komanda oyundan-oyuna daha da yaxşılaşacaq. 

- "Qarabağ"ın yeni transferləri səndə hansı təəssüratı yaradır? Daha çox hansı transfer səndə daha çox pozitiv təsəsürat yaradır və gözləntin çoxdur?
- Bəli, yeni oyunçular gəlib və “Qarabağ” bir qədər də güclənib. Amma 2-3 oyundan sonra transferlər barədə qəti fikir bildirmək düzgün olmaz. Əlbəttə, inanırıq ki, onlar zaman keçdikcə daha yaxşı oyun göstərərək komandaya daha çox fayda verəcəklər. Hazırda isə “Qarabağ” komanda oyunu sərgiləyir və kimisə fərqləndirmək doğru deyil. Söhbət yeni gələnlərdən gedir. Bir az vaxt keçdikdən sonra transferlərin real təsirini görəcəyik. Onlar komandaya tez uyğunlaşıb, oyun stilinə adaptasiya olublar.

- Yəqin ki, Bakıdakı matçda hansısa sürprizin olacağını gözləmirsən? 
- Futboldur, hər şey ola bilir. Bunu hamı deyir. Hər nəticə mümkündür. Lakin "Qarabağ"a inamım böyükdür ki, evdə də "Şkendiya"nı məğlub edərək pley-off mərhələsinə yüksələcək.

- "Qarabağ”ın pley-off rəqibləri “Ferentsvaroş” və ya “Ludoqorets”dir. Səncə, Çempionlar Liqasının əsas mərhələsi çox yaxın görünmür?
- Çempionlar Liqasının əsas mərhələsi yaxın olsa da, “Qarabağ”ın qarşısında çətin sınaqlar var. “Şkendiya”nı keçdikdən sonra ağdamlılar “Ferentsvaroş” – “Ludoqorets” cütünün qalibi ilə üz-üzə gələcək. Bu, çox ağır matç olacaq, çünki hər iki komanda güclü və təcrübəlidir. “Qarabağ”ın onlara qarşı şansı var və göstərdiyi oyun əsas mərhələyə düşmək üçün ümid verir. İnanırıq ki, komanda bu mövsüm Çempionlar Liqasının əsas mərhələsində yer alacaq və növbəti rəqiblərini də məğlub edə biləcək.