
"Bilirdik ki, bizi ağır oyun gözləyir. MOİK çempionatın favoritlərindən biridir".
Bu sözləri Apasport.az saytına açıqlamasında “Şahdağ Qusar”ın prezidenti Rahid Əmirquliyev deyib.
Veteran futbolçu komandanın hazırkı vəziyyəti və qələbə haqqında fikirlərini bildirib: "Mövsümöncəsi komandamızda problemlər var idi. Həm gec hazırlaşmışdıq, həm də oyunçu tapmaq baxımından çətinliklərimiz oldu. Şükürlər olsun ki, çətinliklə də olsa komanda toparlaya bildik. Hazırlıq səviyyəmiz tam olmasa belə, biz hər oyuna qələbə üçün çıxırıq. Amma bu oyundan əvvəl bizə desəydilər ki, ‘1 xala razısınız?’ – cavabımız ‘hə’ olardı. Komandamız tam hazır olmasa da, qələbə qazana bildik.”
Prezident həmçinin oyunçuların komandada saxlanılmasında çətinlik yaşadıqlarını vurğulayıb: “Az öncə qeyd etdiyim problem də bununla bağlı idi. Oyunçuları saxlaya bilmədik, komanda gec yığıldı, istədiyimiz transferləri reallaşdıra bilmədik. Şükürlər olsun ki, bu gün cavan oyunçularla meydana çıxıb qələbə qazandıq.”
Əmirquliyev əlavə edib ki, özü də hələ meydanda olmağı düşünür: “Əslində bu mövsüm oynamağı düşünürdüm, hələ də düşünürəm. Prezident olmağım da təsadüfi oldu. Komanda ciddi problemlərlə üzləşdi, sponsor çətinliklərindən sonra mən bu vəzifəyə təyin olundum. Komanda dağılmaq üzrə idi. Çox sağ olsun Futbolun İnkişaf Fondundan Tural Piriyev, onların dəstəyi ilə bu vəziyyətdən çıxdıq. Düzdür, başqa problemlərimiz də var, ancaq çalışacağıq ki, onların da öhdəsindən gələk. Hazırda transfer pəncərəsi bağlıdır, istəsək də yeni oyunçu götürə bilmirik. Komandanı toparlamağa gec başladığımız üçün istədiyimiz transferləri reallaşdıra bilmədik. Yanvara qədər işlər yaxşı getsə, inşallah heyəti genişləndirməyi planlaşdırırıq. Mövsüm öncəsi düşünürdüm ki, ortalarda qərarlaşaq və çempionatda möhkəmlənək. Komandamız əlindən gələnin ən yaxşısını edəcək ki, irəliləsin".