Ramin Əhmədov: "Menecerimlə təklifləri müzakirə edəcəyik"
22.05.2025 - 18:48
Ramin Əhmədov: "Menecerimlə təklifləri müzakirə edəcəyik"

"Zirə" və "Şamaxı"da oynadıqdan sonra Qırğızıstana yollanan Ramin Əhmədov hazırda çempionatın lideri olan "Alay"ın formasını geyinir.

O, apasport.az saytına açıqlama verib.

- Qırğızıstanda işlərin necə gedir? Komanda 10 turdan sonra liderdir. Performansınızı necə dəyərləndirirsən?
- Allaha şükür olsun, hər şey yaxşı gedir. Hələ ki, heç nə etməmişik. Çünki mövsüm yeni başlayıb. Sadəcə oyundan-oyuna daha da üstünə qoymalı və yolumuza uğurla davam etməliyik. Hamımız da bunun üçün çalışırıq.

- Qırğızıstan çempionatında maraqlı və diqqətçəkən məqamlar nələrdir?
- Maraqlı, yaddaqalan hakimlərin qərarlarıdır. Oyundan sonra gedib epizodların təkrarına baxırsan... Demək olar ki, hər oyun yaddaqalan durum bu olur (gülür).

- 10 matçda 3 qol vurmusan. Misli Premyer Liqasında bu qədər effektiv çıxış edə bilməməyinə səbəb nə idi, şans verilmirdi, yoxsa Qırğızıstan liqası Azərbaycan çempionatından zəifdir?
- Həmişə demişəm ki, insan günahı birinci özündə görməlidir. Orda oynaya bilməmişəmsə, demək ki, nələrisə düzgün etməmişəm. Şans verilə bilərdi? Bəli, verilə bilərdi. Allahdan xeyirlisi demək ki, bu cür imiş. Doğrudur, liqalar arasında səviyyə fərqi var. Ancaq çox da deyil. Azərbaycanda taktiki-texniki və sürətli futbol var. Qırğızıstanda da isə bəzi keyfiyyətlər aşağıdır. 

- Yenidən Azərbaycana qayıtmaq fikrin var, təklif almısan? Bəs, Qırğızıstandan hara getmək mümkündür?
- Hələ ki ,birinci dövrənin başa çatmasına 3 oyun var və mən ona köklənmişəm. Ondan sonra isə necə olacağını görəcəyik. Menecerimlə təklifləri müzakirə edəcəyik. Lakin hazırda "Alay"dakı oyunlarıma fokuslanmışam. Çünki lazım olan budur. 

- Misli Premyer Liqasında legioner limiti yeni mövsümdən ləğv ediləcək. Səncə, azərbaycanlı futbolçuların durumu necə olacaq?
- Bəli, bu haqda xəbərim var. Bu cür qərar verilib. Məncə, yerli futbolçular üçün də maraqlı çempionat olacaq. Həm mübarizə, həm də inkişaf baxımından belə alınar.  

- Maraqlıdır, "Alay"da, Qırğızıstanda futbolçuların maaş məsələsi hansı durumdadır? Azərbaycan klubları ilə müqayisədə, çox az verirlər?
- Şükür Allaha, hər şey yaxşıdır (gülür).