
“Sabah”ın sabiq baş məşqçisi Ramin Quliyev Apasport.az saytına müsahibə verib.
- “Sabah" "Selye" səddini keçə bilmədi. Ümumiyyətlə, püşk "Sabah"ın qarşısına "Selye"ni çıxaranda düşüncəniz necə idi və şansları necə dəyərləndirirdiz?
- Püşkatmada “Selye” çıxanda, hamı rəqibin keçilməz olduğunu düşünürdü. Amma “Sabah” oyunu ilə bu fikirləri dəyişdi. Həqiqətən təmsilçimiz çox yaxşı təsir bağışladı. Özü də hər iki qarşılaşmada. Təəssüf ki, bəxtsizlik və diqqətsizlik “Sabah”a baha başa gəldi.
- "Sabah" evdə uduzsa da, səfərdə qalib gəlməyi bacardı. Amma artırma dəqiqələrində qapısını toxunulmaz saxlaya bilmədi. Cavab görüşündə "Sabah"ın performansını necə dəyərləndirirsiz?
-“Sabah”ın ev oyunundakı çıxışı, səfərdə də yaxşı performans göstərəcəyinə şübhə yaratmırdı. Səfərdə hesabda geri düşsə də, yenidən güc toplayıb önə keçməsi bunun sübutudur. Sadəcə, artırma dəqiqələrindəki ani diqqətsizlik qola səbəb oldu.
- Sizcə, "Sabah"ın Avropa Liqasından kənar qalmasının əsas səbəbi nə idi? Hazırlıqsız olması, yoxsa "Selye"nin daha güclü olması?
- “Sabah” yetərincə yaxşı təsir bağışladı. Sadəcə daha hazırlıqlı olsaydılar, bu cütün qalibi “Sabah” olacaqdı. Baş məşqçinin hazırlıq üçün bir az daha çox vaxtı olsaydı, yaxşı olardı.
- “Sabah"ın yeni transferlərini necə dəyərləndirirsiz? Müdafinin mərəzindəki Salvet və sağ cinah müdafiəçisi Zedadka? Sizcə, komanda güclənməlidir yenə də?
- Yeni transferlər yaxşı təsir bağışlayır. güclənməyə isə həmişə ehtiyac var. Baş məşqçinin əlinin altında nə qədər keyfiyyətli oyunçular olsa, bir o qədər yaxşıdır.
- “Sabah" yoluna Konfrans Liqasında davam edəcək. Rəqib isə Moldovanın "Petrokub" klubudur. "Sabah" bu komandanı keçə biləcək sizcə?
- Səhv etmirəmsə, ötən mövsüm bu komanda Konfrans Liqasının qrup mərhələsində çıxış edib. Yaxşı rəqibdir. Amma fikrimcə, cütün qalibi “Sabah” olacaq.
- Valdas Dambrauskasın hansısa toxunuşu hiss edilir "Sabah"ın oyun stilində?
- Bəli, bu, yavaş-yavaş hiss olunur. Hücumlara çıxışda da bunu görmək mümkündür. Komanda açıq və baxımlı futbola üstünlük verir, oyunu müdafiədə qurmaq niyyətində deyil. Sadəcə, vaxt lazımdır ki, istədiklərini tam şəkildə ortaya qoya bilsinlər.