Ramin Quliyev: "Sabah" üçün son şansdır, amma dünyanın sonu da deyil"
30.05.2025 - 17:14
Ramin Quliyev: "Sabah" üçün son şansdır, amma dünyanın sonu da deyil"

“Sabah”ın sabiq baş məşqçisi Ramin Quliyev Apasport.az saytına müsahibə verib.

- "Sabah" finalda "Qarabağ" önünə çıxacaq. Görüş haqda fikrin necədir? 
- Azarkeşləri çox maraqlı final görüşü gözləyir. "Qarabağ" "qızıl dubl", "Sabah" isə avrokuboklara getmək uğrunda mübarizə aparacaq. İki açıq futbol oynayan komandalar üz-üzə gələcək. Bu mənada, çox maraqlı görüşün olacağını ehtimal etmək mümkündür. 

- Səncə, "Sabah" "Qarabağ"ı necə və nəyin hesabına məğlub edə bilər?
- "Qarabağ" artıq ölkə çempionluğunu rəsmiləşdirən komandadır. "Sabah" isə titula acdır və yeganə şansıdır. Ona görə də, bu matçda döyüşkən, istəkli və soyuqqanlılıq "Sabah" üçün çox önəmli amildir. Bunu bacarsalar, kuboka sahib çıxacaqlar.

- Vasili Berezutskinin gəlişindən sonra "Qarabağ" "Sabah"a qalib gələ bilməyib. Bunun "Sabah" üçün hansısa psixoloji üstünlüyü ola bilər?
- Bu matçda o amillər kənarda qalacaq. Çünki "Sabah" üçün bir oyun "ölüm-dirim" mübarizəsidir. Əsas məsələ də məhz budur. Burada mövsümü titulla başa vurmaqdan söhbət gedir. Çox önəmli məsələdir. 

- "Sabah"ın qələbə qazanması sənin üçün böyük sürpriz olacaq?
- Yox, sürpriz deməzdim. "Sabah" çempionat oyunlarında "Qarabağ"a qalib gəlib. Əlavə etsək ki, onlara kubokdakı qələbə daha çox lazımdır, burada sürprizlik heç nə yoxdur. Özü də, kubokun final görüşüdür. 

- Necə düşünürsən, Vasili Berezutskinin "Sabah"da qalıb-qalmaması, kuboku qazanıb-qazanmamasından asılı olmalıdır? 
- Bu gediş onu göstərir ki, böyük miqyasda bu oyun baş məşqçinin gedib-getməməsində elə böyük rol da oynayacaq. Amma gəlin tələsməyək. Çünki hər bir qərarı klub rəhbərliyi verir. Hər halda, final görüşü sabahdır. Necə olacağını birlikdə görəcəyik.

- "Sabah" üçün avrokuboklar şansı son olaraq kubokun finalıdır. Necə düşünürsən, bu məqam "Sabah" üçün ikiqat təzyiqdir, yoxsa əsl motivasiyadır?
- "Sabah" üçün son şansdır, amma dünyanın sonu da deyil. Sözsüz ki, nə qədər təzyiq yoxdur deyilsə də, olacaq. Çünki bu matçlar çox önəmlidir. Sonda qələbə şansı "Sabah"da daha böyükdür. Çünki bu matç onlara çox vacibdir. Həm titul, həm də avrokubok baxımından belədir. Necə olacağını sabah görəcəyik. Amma dəqiq olan odur ki, çox maraqlı görüşə şahidlik edəcəyik.