
"Macarıstan Latviya millisi deyil. Rəqib çox yaxşı komandadır".
Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq hücumçusu Rauf Əliyev deyib.
O, yığmamızın Macarıstanla görüşü barədə fikirlərini bildirib: "Rəqibin heyətində yüksək liqalarda çıxış edən keyfiyyətli futbolçular var. Yığma səviyyəsində də daim əsas turnirlərdə iştirak edirlər. Millimiz evdə oynasa da, qalibiyyət çətin görünür. Amma bu, futboldur. Hər an hər şey baş verə bilər. Bəlkə də, Fernandu Santuşun rəhbərliyi altında ilk qələbəmizi bu gün qazana bilərik".
Əliyev millinin hücum potensialını da dəyərləndirib: "Son dövrlərdə Mahir Emreli pis formada deyildi. "Nürnberq"də qolları sıralayırdı. Latviya ilə matçda real epizodlar yarada bilmişdik. Bunların reallaşmamasının səbəbi bəlkə də, uzun zamandır qalibiyyət qazanmamaqdır. Qələbə həsrəti futbolçularda inamsızlıq yaradır. Lakin heyətimizdə keyfiyyətli hücumçular var. Macarıstanla görüş onlar üçün də dönüş nöqtəsi ola bilər".
Qeyd edək ki, Azərbaycan - Macarıstan matçı bu gün saat 20:00-da start götürəcək.