Rəşad Eyyubov: “Eyni tempdə mübarizə aparmaqda sıxıntı yaşayırıq”
11.10.2025 - 10:09
Rəşad Eyyubov: “Eyni tempdə mübarizə aparmaqda sıxıntı yaşayırıq”

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Karvinada Çexiya yığmasına 0:5 hesabı ilə məğlub olub.

Apasport.az xəbər verir ki, komandanın baş məşqçisi Rəşad Eyyubov oyundan sonra mətbuat konfransında fikirlərini bildirib:

“Birinci hissədə rəqibin intensiv hücumlarına dözə bildik, müdafiədə boşluq vermədik və hücumlar qurduq. İlk qolu da fasiləyə az qalmış buraxdıq. Halbuki həmin ana qədər rəqib qeyri-adi nəsə etmirdi. Ancaq ikinci hissədə, xüsusən də, 55-ci dəqiqədən sonra intensivliyə dözə bilmədik. Millidə bir oyuna hazırlaşmaq üçün maksimum 4-5 gün vaxtımız olur. Yenə də problemin fiziki duruma bağlı olduğunu düşünmürəm. Sadəcə, eyni tempdə mübarizə aparmaqda sıxıntı yaşayırıq”.

Qeyd edək ki, U-21 millimiz növbəti matçını oktyabrın 14-də evdə Şotlandiya yığmasına qarşı keçirəcək.