“Çox gərgin və emosional oyun oldu. Vacib qələbə qazandıq”.
Apasport.az saytı xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.
Misli Premyer Liqasının IV turunda “Sabah”a 1:0 hesabı ilə qalib gələn qəsəbə klubunun çalışdırıcısı oyundan məmnun qalıb. Sadıqov uğurlu seriyanı davam etdirmək üçün çox çalışmalı olduqlarını bildirib: “Oyunçulara təşəkkür edirəm. Əzmkarlıq göstərdilər. Artıq "Qəbələ" matçı düşünməliyik, oyundan dərhal bu barədə müzakirəyə başladıq. Futbolçularımız bu gün çox güc sərf etdilər. Yaxşı bərpa olub, növbəti oyuna hazırlaşmaq lazımdır”.
- Deyəsən, Avrokuboklara düşməmək sizə kömək oldu ki, heyəti daha yaxşı komplektləşdirdiniz. Ehtiyatda hücumu gücləndirəcək futbolçular az olduğunu görünür. Transferlər düşünürsüz?
- Ötən mövsüm açıq-aşkar problemlərimiz var idi. Onları heç cür həll edə bilmirdik. Mövsümün ortasında bunun üçün istənilən vaxtımız olmurdu. Fikirləşirdim ki, Konfrans Liqasına düşməmək daha çox xeyrimizə ola bilər. Uğurlu startımızın səbəbi olub-olmadığını bilmirəm. Etiraf edim ki, növbəti mövsümə hazırlaşmaq üçün kifayət qədər zamanımız oldu.
- Oyunun tamamilə müdafiədən əks-hücuma qurmuşdunuz. Bu, erkən qola görə idi?
- Əslində belə düşünmürdük. Qol vurduqdan sonra başa düşürdüm ki, "Sabah" bütün gücü ilə irəli atılacaq. Bəlkə də, şanssızlıqdan avrokuboklarda davam etmirlər. Hətta qruplara qədər getməyi bacarardılar. Sadəcə penaltilərə görə mərhələ keçə bilmədilər. "Partizan"la görüşdə şanssızlıq yaşadılar. Rəqibimizin kimliyini yaxşı bilirdik. Əminəm ki, "Sabah" qol vursaydı, oyun tam əksinə gedəcəkdi. Hesabı erkən açdıq deyə, daha çox əks-hücumlara bel bağladıq. "Sabah"ın heyətində usta futbolçular var. Nəticə var deyə, demirəm. Onlardan razıyam.
- İstədiyiniz oyun və heyəti tapdığınızı demək olar?
- 14 futbolçu bizdən ayrılıb. Gələn futbolçuarın sayı o qədər də çox deyil. 5-6 futbolçu ilə güclədik. Nəticələri əvvəlki zamanda futbolçuların keyfiyyətinin aşağı, yenilərinsə yuxarı olduğu ilə əlaqələndirmirəm. Uğurlu başlamışıq, bunu davam etmək istəyiriksə, daha çox çalışmalıyıq. Rəqiblər də bizə başqa cür yanaşacaqlar.
- Dörd qələbə qazanmısız. Futbolçular eyforiyaya qapılmırki?
Bu həftəyə qədər onu hiss etməmişəm. Əgər hiss edilsə, futbolçularla aramda ciddi problem olacaq. Futbolçu vaxtında da, məşqçi kimi də nifrət etdiyim amillərdən biri budur. Biz daim ən yaxşısını etməyə çalışmalıyıq. Bu təfəkkürlə komanda inkişaf edə bilər. Söhbət qələbədən getmir. Mental olaraq işimizə doğru yanaşsaq heç bir problem olmayacaq.
- Bu gün bəxt sizin tərəfinizdə oldu?
- Çantakiasın da, Rüstəmin də 100 faizlik qol imkanları var idi. Oyun elə gedirdi ki, hər üç nəticə layiqli olacaqdı.
- Dörd oyundur ki, "Zirə"də aqressiya hiss olunur. Bu, ötən mövsüm görmədiyimiz məsələdir. Bu nədən irəli gəlir?
- Uğurlu alınır. Deyim ki, xüsusi fərqli nəsə edirik, xeyr. Keçən il işlədiklərimizi bu dəfə də görürük. Allahın rüzisidir, çalışacağıq ki, növbəti oyunlarda da belə alınsın.
- Məqsəd İsayev çox aqressivdir. Səbəbi nədir?
- Aqressiv futbolçuları sevirəm. Düzdür, aşırı şəkildə görəndə, müdaxilə edirəm. Oyunun içində bunu hiss etmədim. Çünki gələcəkdə bizə problem yarada bilər.
Rəşad Sadıqov: “Bizə başqa cür yanaşacaqlar” – MÜSAHİBƏ
26.08.2023 - 22:13
0
0