"Zirə" Misli Premyer Liqasının IX turunda "Sumqayıt"ı məğlub etməklə vacib 3 xal qazanıb.
Apasport.az xəbər verir ki, bunu mətbuat konfransında "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.
Mütəxəssis 1:0 hesablı qələbəni şərh edib:
"Yaxşı təşkilatlanmış rəqibə qarşı oyanayacağımızın fərqində idik. Oyuna yaxşı başladıq. İlk hissədə üstün oynadıq və hesabı açdıq. Fasilədən sonra isə rəqib bərabərliyi təmin etmək üçün irəli atıldı. Amma futbolçularım xarakter göstərdilər və rəqibin fərqlənməsinə imkan vermədilər. Bu gün vacib 3 xal qazandıq".
Mütəxəssis gənc futbolçulara şans verməkdə imkanların məhdud olduğunu bildirib:
“Bizim hələ ki elə imkanımız yoxdur ki, perspektivli uşaqları aşağı yaş qruplarından ibarət komandalarımıza cəlb edək. Bilirik ki, iddialı akademiyaları olan klublarımız var. Biz onlarla rəqabət aparmaqda çətinlik çəkirik. İlk fürsətdə Cəlalı oynatdıq. Onu Azərbaycan futboluna qazandırdıq. Fürsət düşdükcə yerli futbolçulara şans verən məşqçiyəm. Hazırda rəqabətə tap gətirə biləcək gənc oyunçumuz yoxdur. 17 yaşlı Əhlimanı artıq əsas komandaya cəlb edirik. Düşünürəm ki, 1-2 il sonra onu çempionat oyunlarında görəcəyik. Digər gənclərdə hələ ki matçlarda iştirak edəcək potensial görmürəm. Bir az da bərkiməlidirlər.”