Rəşad Sadıqov: “Bu tip qərarlarım tez-tez olacaq” - MÜSAHİBƏ
25.01.2023 - 19:00
Rəşad Sadıqov: “Bu tip qərarlarım tez-tez olacaq” - MÜSAHİBƏ

“İlin ilk oyunu idi. Hər iki komandanın futbolçuları üçün fasilədən sonra başlamaq çətindir. İlk yarıda bunu hiss edirdik”.

Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

Gənc mütəxəssis Misli Premyer Liqasının XIX turunun “Sumqayıt”la matçı (3:1) barədə fikirlərini açıqlayıb. O bildirib ki, matçın startında gözlənilməz qol buraxıblar: “Halbuki rəqibin bu gedişatı üzərində işləmişdik. Amma ideal ötürmə və ideal qol oldu. Futbolçularım oyundan qopmadılar. İlk yarıda bir çox şeylər alınmırdı. Amma ruhdan düşmürdülər. Böyük əzmkarlıq göstərib, bizim üçün vacib üç xal qazandıq. Görəcək işimiz çoxdur. Hamımız bunu başa düşürük. Futbolçularımı təbrik edirəm. Növbəti oyuna köklənməliyik”.

- Fərqli hissələr izlədik. Antalya toplanışında komanda tam komplektləşib?
- Toplanışdan əvvəl də, oyunda da müəyyən problemlər olurdu. Bunu bilirik və üzərində işləyirik. İlk yarıda xüsusi narazı salan məqam yox idi. Hücumda daha kəsərli oynaya bilərdik. Amma bəzi anlarda futbolçular kəsərli ötürmələrə az üstünlük verirdi. İkinci yarıda daha yüksək motivasiya ilə oynadıq, daha böyük qüvvə ilə hücum etdik. 

- Nemanya Ancelkoviçilə nəyə görə yollarınızı ayırdınız?
- Futbolçu vaxtında da belə olmuşam. Özümə uyğun tələblərim, xasiyyətim var. Müəyyən şeylər var ki, onlar olmamalıdır. Onlar olanda böyük uğurlardan danışa bilmərik. Ancelkovişlə danışdıq, mövqeyimizi bildirdik, normal şəkildə yollarımızı ayırdıq. Tərəfdarıyam ki, məşqçi ilə futbolçu arasında anlaşılmazlıq varsa, düzəlmirsə, yollar ayrılmalıdır. Detallara getmək istəmirəm. Xarakterindən də razı olmuşam. Müəyyən detallarda anlaşa bilmədik. Bu tip qərarlar məndə tez-tez olacaq. Futbolçu qarşısına böyük hədəf qoymalıdır. Olmayacaqsa, hər oyunda ürəyini qoymayacaqsa, nəticələri düşünməyəcəksə, yollarımızı ayıracağıq.

- Ahmed Ayzaya “Kəpəz”də yaxşı oynayır. Onu buraxmağınıza peşman deyilsiniz?
- Bir çox futbolçular var ki, özünü yaxşı tərəfdən göstərib. Bizə də təklif edilib. Futbolda olan şeylərdir. Onu çox bəyənirdim. Müəyyən şeylər var idi ki... “Qarabağ”da Qurban Qurbanovun uğur qazanmağı ilə müəyyən təcrübə qazanmışam. Bu, gözə görünmür. Stabil və uğur qazanmaqdan ötrü müəyyən detallar olmalıdır. Olmazsa, qazanacağın uğur müvəqqətidir. Mən isə müvəqqəti iş görmək istəmirəm. Böyük, yaxşı komanda formalaşdırmaq istəyirik.

- Fasilə dönəmində istədiyinizi edə bildiniz?
- Toplanışımız çox səmərəli oldu. Əvvəlki illərlə müqayisədə daha çox razı qaldım. Keyfiyyətli oyunçular təklif edildi. Bəziləri ilə müqavilə imzalaya bilmədik. Yolda olan var. Digər tərəfdən komanda üçün səmərəli toplanış alındı. Futbolçular məsuliyyətli idi. Ümid edirəm ki, ikinci dövrədə faydasını görəcəyik.

0