Rəşad Sadıqov: "Buraxdığımız səhvlər mövsümün sonunda həlledici olduğunu göstərdi" - VİDEO
27.05.2023 - 20:06
Rəşad Sadıqov: "Buraxdığımız səhvlər mövsümün sonunda həlledici olduğunu göstərdi" - VİDEO

“Qəbələ” ilə eyni xalımız olsa da, avrokuboklardan kənar qaldıq”

Apasport.az saytı xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının son turunda “Sumqayıt”a qalib gələn (3:0)  “Zirə”nin baş məşqçisi Rəsad Sadıqov deyib.

Sadıqov mövsümün yekunlarına görə, istənilən nəticəni qazana bilmədiklərini etiraf edib: “Mövsümü başa vurduq. Qələbə qazanaraq, şansımızı sona qədər saxlamaq üçün əlimizdən gələni etdik. Elə də oldu. Amma rəqib öz oyununda xal itirsə də, bu, bizə yetmədi. Eyni xal toplasaq, Avrokuboklardan kənar qalırıq. Buraxdığımız xırda, uşaq səhvləri mövsümün sonunda həlledici olduğunu göstərdi. Son dörd turda yaxşı mübarizə apardıq. Futbolçular inamlı və istəkli idi. “Kəpəz” və “Sabah”la oyunlarda qələbə qazana bilərdik. Bunu bacarmadıq. Futbolçulara mövsümə görə təşəkkür edirəm. Təbii ki, istəyərdik nəticə yaxşı olsun. Amma istədiyimiz nəticəni verə bilmədik".

- Yeni mövsüm üçün “Zirə”də heyətdə dəyişiklik çox olacaq?
- Əlbəttə, dəyişikliklər gözlənilir. Növbəti mövsümdə hədəflərimiz və planlarımızla bağlı rəhbərliklə görüşümüz olacaq. O görüşdən sonra çox şey müəyyənləşəcək. Keçən il də dəyişikliyə ehtiyacımız var idi. Amma tam həyata keçirə bilmədik. 

- Hamidu Keytanın “Qarabağ”a keçidi gündəmdədir...
-
Bəli, Keytanın yaxın günlərdə “Qarabağ”a keçidi rəsmiləşəcək. “Qarabağ”ın maraq dairəsində olan futbolçu idi. Cəza üzündə bugünki oyunda meydana çıxmadı. Biz ona “Qarabağ”la danışıq aparmasına icazə vermişik. Tərəflər arasında razılıq olub. Ümid edirəm ki, həm “Qarabağ”, həm də Keytanın özü üçün uğurlu keçid olar.

- Rəhim Sadıqov bu gün iki qol vurdu. “Zirə”nin nəticəyə ehtiyacı olduğu oyunlarda ön plana çıxmırdı...
- Bir çox oyunlarda da uğurlu çıxış edirdi. Amma istəklərini nəticəyə çevirə bilmirdi. Penaltilər qaçırırdı, birəbir epizodlardan yararlana bilmirdi. Rəhimin ümumi çıxışından razıyam. Hücum xəttimiz daha məhsuldar oynamalı idi. Digər məsələ müdafiədə etibarlı oyunumuz çatmırdı. Bu amillər bizim mövsümü beşinci yerdə tamamlamağımıza səbəb oldu. Mövsümboyu forvard baxımından əziyyət çəkdik. Rəhim Sadıqovu hücumçu kimi oynadırdıq. Gələn mövsüm daha geniş və keyfiyyətli heyət qurmaq istəyirik. 

- Cari mövsümü Rəşad Sadıqov üçün uğursuz hesab etmək olar?
- Təbii ki. Rəhbərlik tərəfindən qarşımıza minimum dördüncü yeri tutmaq hədəfi qoyulmuşdu. “Neftçi” və “Sabah”ın iddialı olduqları bəlli idi. Heyətlərini gücləndirmişdilər vəa onlarla üçüncülük uğrunda mübarizə aparmaq çətin olacaqdı. Bu baxımdan, əsas hədəf dördüncü yer idi. 51 xal toplayıb dördüncü yeri tutsaq belə məmnun olmayacaqdım. Daha yaxşı və sabit çıxış etməliydik. Daha yaxşı yerlərdə olmaq istəyiriksə, güclənməliyik. Mövsüm başlamayıb, artıq biz aparıcı oyunçularımızı itiririk. Mütləq şəkildə güclənməliyik.

- Ən çox heyifsləndiyiniz oyun hansı oldu?
-
Ən yaddaqalan “Qəbələ” ilə matç idi. Səfərdəki oyunumuzu deyirəm. 90+4-cü dəqiqədə Ülvi İsgəndərov meydanın mərkəzindən qol vurmuşdu. Düşünürəm ki, həmin oyun həlledici oldu. Həmin dövrdə xal ehtiyatımız var idi və “Qəbələ”dən öndə idik. Xal fərqini qorusaydıq, daha fərqli alınardı. Ağlıma dərhal gələn oyun odur. Amma belə matçlar çoxdur.
 

0