“Sayılmayan qollar və qısa müddətdə buraxılan 2 top”.
Apasport.az saytı xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.
Gənc mütəxəssis XXXII turda “Turan-Turan”a məğlubiyyətdən sonra komandasının oyununu şərh edib: "Oyunu şərh etmək çox çətindir. Qələbəyə köklənmişdik və uğur qazanmaq arzusunda idik. Amma oyunun ilk dəqiqələri bizim üçün pis başladı. Rəqibin ilk standart vəziyyəti qolla nəticələndi. Çoxsaylı hücumlar etdik və fasiləyədək böyük üstünlüklə oynadıq. Təəssüflər olsun ki, qol vura bilmədik. Birinci hissədə baş verənlər komandaya təsir etdi. Fasilədə futbolçularla danışıb, onları sakitləşdirməyə çalışdıq. Amma ikinci hissədə də eyni ssenari baş verdi. Sayılmayan qollar və qısa müddətdə buraxılan 2 top. Nəticə başqa cür də ola bilərdi. Rəqib bu gün dörd standart vəziyyətdən qol vurdu. Onlardan biri sayılmalıdı. Rəqibin bütün zərbələri qolla nəticələndi. Çox çalışırıq, cəhd edirik, amma nəticələr ürəkaçan deyil. Bu il çox şanssızlıqlar yaşayırıq. Heyətlə bağlı problemlər də var. Meydana buraxmağa cinah müdafiəçisi tapa bilmirdik. Məğlubiyyətlə barışıb, işimizə köklənməliyik. Qarşıda daha 4 matç var. Dördüncü yerlə aradakı xal fərqi artdı. Əvvəlki turlarda 100 faizli qol imkanlarından istifadə edə bilmədik. "Qəbələ" ilə matçda son saniyələrdə top dirəkdən dönür. Bunlar futbolçulara müəyyən psixoloji təsir göstərir”.
- Bu gün "Turan Tovuz" həqiqətən çox yaxşı oynadı, razısızmı?
- Mən vurduğumuz qolun niyə sayılmadığını başa düşmədim. Xəttə baxdım, diaqonal qoymuşdular. Açıqlaması olsa, çox sevinərəm. Əgər eyni hadisə bizim qapımıza olsaydı, qol qeydə alınardı. Birinci və ikinci penalti epizodunda da hakim VAR-a çağırılmayacaqdı. Orada 8 dəqiqə pauza oldu. Penaltini vuracaq oyunçu təxminən 8 dəqiqə gözləyir. "Neftçi" ilə kubok matçında da Hamidu Keyta 8 dəqiqə top əlində ora-bura gəzdi, sonra penaltini qaçırdı. VAR üçün 6-8 dəqiqə? Qolu niyə saymadılar, başa düşmədim. Təkrara dərhal baxdım, mənə qol kimi gəldi. Öncə xətti qoymamışdılar, sonradan xətti çəkdilər.
- Son üç oyunda standart vəziyyətdən qol buraxmağınız nə ilə əlaqədardır?
- Çox maraqlı faktı qeyd etdiniz. Oyun gedə-gedə də bu barədə fikirləşirdim. Bəzən meydana daha hücumameyilli oyunçularla çıxırsan və standart vəziyyətlər zamanı onlar daha zəif olur. Bu gün həmin amil rol oynadı. Standart vəziyyətdə 1-2 futbolçudan başqa, yaxşı mübarizə apara biləcək oyunçularımız yox idi. Bir oyunda dörd standart vəziyyətin dördünün də qolla nəticələnməsi çoxdur.
- Hamidu Keytanın penaltini qaçırması oyunun qırılma anı idi?
- Daha çox qolun sayılmamasını qeyd edərdim. Sayılmayan ikinci qolu da nəzərə almaq lazımdır. Elə çıxır ki, VAR müdaxilə etməsə idi, Rauf Cabbarov qolu qeydə alacaqdı. Hakim gözləyin deyir, futbolçular da dayanır. "Turan Tovuz" oyunçuları da başlayır və qol vurur. Üç-beş dəqiqə onunla, bununla mübahisə etdik. Bu hadisələr oyunu çox sındırır. Uduzmuşuq deyə, bunların üzərində dayanmaq istəmirəm. Məğlubiyyəti qəbul edirəm, rəqibi təbrik edirəm. Meydanda yaxşı mübarizə apardılar. Biz daha aktiv oynamalıydıq. Birinci və ikinci hissənin əvvəlində buraxdığımız qollar psixoloji cəhətdən mənfi təsir göstərdi.
- Mohammad Hamdauinin vəziyyəti necədir?
- Hələ də zədəlidir. Məşqləri bərpa etmişdi, amma komanda ilə məşqdə zədəsi təkrarlandı. Yəqin ki, onun üçün mövsüm bitib. Hazır olmasa, risk etməyəcəyik.
- "Azərsun Arena"da "Qarabağ"la 2:2 oynayan komanda öz evində 1:3 uduzdu. Problem zədəli, cəzalı oyunçulardadır?
- Xeyr. İkinci hissənin əvvəlində oyun planında ciddi problemlər yaşadıq. İlk yarını əla keçirdik, çox sürətli, aktiv, dominant oynadıq. Təəssüf ki, ikinci hissəyə passiv başladıq. İlk dəfə deyil, "Şamaxı" ilə matçda da belə olmuşdu. Bizə qarşı həssas qərarlar çox olur. Rəqibi qapımıza buraxmamalıyıq. İkinci yarı daha yaxşı oynamalı idik.
- Bu mövsüm yaşadıqlarınız sizi nəyə məcbur edir?
- Mən bu sözü istifadə etməyi xoşlamıram, amma çox şanssızlıq yaşayırıq. Bunu deməyə məcburam. "Qəbələ" ilə 4-cü yer uğrunda rəqabət aparırıq. Elmar Baxşıyevin gördüyü işləri yüksək qiymətləndirirəm. O qədər qırılma nöqtəsi oldu ki, heç biri bizim xeyrimizə deyildi.